Amerikalı aktrisa Laura Orrico ilk dəfə 49 yaşında ana olub. O, 10 il əvvəl dünyasını dəyişən həyat yoldaşının dondurulmuş genetik materialından istifadə edərək qız övladı dünyaya gətirib.
AzPost xəbər verir ki, bu barədə People jurnalı məlumat yayıb. “CSI: Miami” və The King of Queens” seriallarındakı rolları ilə tanınan aktrisanın həyat yoldaşı 10 il əvvəl onkoloji xəstəlik səbəbindən vəfat edib. O, hələ 2007-ci ildə ehtiyat məqsədilə bioloji materialını donduraraq saxlanılmasına qərar vermişdi.
Aktrisa uzun illər yeni ailə qurmaq və ana olmaq ümidi ilə yaşasa da, bu proses onun üçün asan olmayıb. Məlumata görə, Laura Orrico bir neçə dəfə hamilə qalsa da, beş hamiləlik aşağı ilə nəticələnib. Bu uğursuz cəhdlərə baxmayaraq, o, ümidini itirməyib və nəhayət, süni mayalanma (EKO) üsuluna müraciət edib.
48 yaşında verilən qərar onun həyatını tamamilə dəyişib. Süni mayalanma proseduru uğurla baş tutub və 5 fevral tarixində aktrisa qız övladı dünyaya gətirib. Körpəyə Aviana Rouz adı verilib.
Doğuş prosesi isə asan keçməyib. Həkimlər vəziyyəti nəzərə alaraq təcili qeysəriyyə əməliyyatı həyata keçirməli olublar. Buna baxmayaraq, hazırda həm ana, həm də körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.
Laura Orrico bu hadisəni “həm qeyri-real, həm də inanılmaz dərəcədə həyəcanverici” adlandırıb. Onun sözlərinə görə, ana olmaq hissinə hələ yeni-yeni alışır, lakin ailəsi və dostlarının dəstəyi bu mərhələni daha asan keçməsinə kömək edir.