“10 yaşına qədər olan uşaqlarımıza müavinət verilməlidir” –Deputat Qüdrət Həsənquliyev

“Bir dəfə bizi Ceyhun Bayramov təhsil naziri kimi Olimpiada iştirakçılarının mükafatlandırılması mərasiminə dəvət etmişdi. Biz həmin tədbirdə iştirak etdik. Orada deputatların diqqətini cəlb etdi ki, bizim uşaqlar nə qədər arıqdır. Adamda belə təəssürat yaranırdı ki, onlar sanki distrofiyaya uğrayıblar. Bəzilərinin belləri bükülüb, boyları isə çox balaca. Məsələn SSRİ dağılandan sonra həm Avropada, həm də Rusiyada insanların boyu artıb. Bizdə isə SSRİ dövrü ilə müqayisədə orta boy 5 santimetr aşağı düşüb. Sözsüz ki, bu, qidalanma ilə bağlıdır. Uşaqlar normal qidalanmalıdır. Ət, toyuq əti, balıq verilməlidir. Balıq istehlakı Azərbaycanda normadan 3 dəfə aşağıdır. Bunun üçün ən azı 10 yaşına qədər olan uşaqlarımıza müavinət verilməlidir. Əmək və əhalinin sosial müdafiəsi naziri deyir ki, 211 min pensiyanı ləğv edib, 500 milyon manata qənaət olunub. Əgər bunu siz istənilən psixoloqa təqdim eləsəniz, deyəcək ki, burada məqsəd vəsaitə qənaət etməkdən ibarət olub”.
Bu fikirləri Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2022-ci illə bağlı büdcəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib.
Deputat ünvanlı yardımın verilməsi qaydasını dəyişdirməyi təklif edib: “Mən, təklif edirəm ki, ünvanlı sosial yardımlarının verilməsi məsələsi bələdiyyələrə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın. Nazirliyin tərkibində olan müvafiq komissiya ləğv edilməlidir. Səhiyyə Nazirliyinin verdiyi arayış əsasında insanlara əlillik təyin edilməlidir”.
Millət vəkili həmçinin Azərbaycanda boşanmaların sayının artması ilə bağlı problemləri diqqətə çatdırıb: “Təxmini hesablamalara görə, ilin I yarısında 23 min nigaha girilib, 8 min boşanma qeydə alınıb. Tək uşaq böyüdən analara xüsusi diqqət göstərilməlidir, onlara məvacib verilməlidir. Məsələn, Azərbaycanda 5 uşaqlı anaya cəmi 55 manat müavinət verilir. Rusiyada 3 və daha artıq uşağı olan anaya, əgər ailə mənzil növbəsinə dayanıbsa, onlara növbədənkənar, birbaşa dövlət tərəfindən mənzil verilir. Mən bunu müqayisə üçün qeyd edirəm. Ona görə də müavinətlərin artırılmasını faizlə deyil, rəqəmlə göstərmək lazımdır. Rəqəmlərlə demək lazımdır ki, xalqımız bilsin, neçə manat müavinət alırdı və artım nəticəsində nə qədər alacaq? Rəqəmlərlə göstərildikdə biz görəcəyik ki, bu rəqəmlər çox cüzidir. Ona görə də mən, hesab edirəm ki, ciddi islahatlar aparılmasının zamanı gəlib çatıb. Hökumət bu barədə ciddi düşünməlidir”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““S-400”lərin hansı hissəsini istehsal edəcəyimizi açıqlamayacağıq” –

Sonrakı məqalə

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib