İordaniyalı akademik: Prezident İlham Əliyev müasir hərb tarixində ən şanlı Qələbəni qazanıb

İordaniyalı akademik, Beynəlxalq Ərəb-Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin təsisçisi və prezidenti Mərvan Suda 44 günlük müharibədə Qələbə barədə fikirlərini  xüsusi müxbirinə müsahibəsində bölüşüb. Müsahibəni təqdim edirik:

Akademik və publisist kimi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı müharibəni necə qiymətləndirirsiniz?

-Əvvəla, şanlı Qələbə və ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Prezident İlham Əliyevin liderliyi müasir hərb tarixində ən şanlı Qələbəni təmin etdi.

Hamımıza bəllidir ki, Ermənistan ötən əsrin 90-cı illərində işğal etdiyi Azərbaycan ərazilərini qaytarmamaq məqsədilə öz havadarlarının dəstəyinə arxalanaraq formal danışıqlar prosesini üstün tuturdu. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri də rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinə laqeyd yanaşırdı. Danışıqlar prosesində status-kvonun qorunub saxlanılması və “dondurulmuş” münaqişə modeli müasir diplomatiyanın ən geniş yayılmış, eyni zamanda özünü doğrultmayan istiqamətidir. İşğala məruz qalmış bəzi xalqlar iqtisadi və hərbi gücünün olmaması səbəbindən buna dözməyə məcbur olurlar. Lakin Azərbaycanın timsalında bunun tam əksi oldu. Yəni, ərazilərinin 20 faizi işğal olunmuş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan ölkə Ermənistanın təcavüzünə, etnik təmizləmə siyasətinə və barbarlıq aktlarına uzun müddət səbir etmədi. Bundan başqa, Azərbaycanın ildən-ilə inkişaf edən iqtisadiyyatı, hərbi gücü və ölkə daxilində həmrəyliyi də torpaqların daimi işğal altında qalmayacağını göstərirdi. İndi Ermənistan rəhbərliyi təəssüflə qeyd edir ki, işğal olunmuş əraziləri sülh yolu ilə geri qaytarmaq lazım idi. Lakin çox gecdir. Ermənilər hər gün, hər saat Azərbaycanı müharibəyə sövq edir, hərbi təxribatlar törədir, aqressiv bəyanatlarla çıxış edirdilər.

Açığını desəm, müharibənin ilk günlərində Azərbaycan Ordusunun yaşayış məntəqələrini bir-birinin ardınca azad etməsi xəbərləri məni təəccübləndirmədi. Bilirdim ki, iqtisadiyyatı çökmüş, ordusu zəif olan Ermənistanın məğlubiyyəti labüddür. Belə də oldu. Qısa müddətdə böyük itkilər verən və daxildə xaosla üzləşən işğalçı ölkənin baş naziri Paşinyan atəşkəs üçün Rusiya Prezidenti Vladimir Putinə yalvarır, Qərbdəki havadarlarına zəng edirdi.

Qeyd etməliyəm ki, müasir dövrdə BMT Təhlükəsizlik Şurasının işğala son qoyulmasına dair qətnamələrini öz gücü hesabına yerinə yetirən, ərazi bütövlüyünü bərpa edən bir dövlət olmayıb. Məhz bu səbəbdən Azərbaycanın qazandığı Qələbə bütün dünya üçün örnəkdir. Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu Zəfərə addım-addım, məqsədyönlü şəkildə, öz ölkəsinin beynəlxalq nüfuzunu artıraraq, xalqla hakimiyyətin sıx birliyini təmin edərək nail olub. Bu Qələbə, həmçinin İslam dünyasının uğuru, ədalətin təntənəsi və işğalçılıq siyasətinin iflası oldu.

-Siz Asiya və MDB ölkələri üzrə geosiyasi tədqiqatların müəllifisiniz. Azərbaycanın Qələbəsi və yeni regional reallıqlar hansı perspektivləri vəd edir?

-Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Bəyanatdan sonra təkcə Cənubi Qafqaz regionu deyil, Avropa və Asiya ölkələri də yeni geosiyasi reallıqla üzləşib. Mən, eyni zamanda Çin və Böyük İpək yolu şəbəkəsi üzrə tədqiqatlar aparıram. Azərbaycanın Qələbəsi və Ermənistanın kapitulyasiya sənədinin imzalaması mühüm nəqliyyat dəhlizlərinin açılması perspektivini yaradıb. Əvvəllər Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə olaraq, Rusiya və Türkiyənin bilavasitə iştirakı ilə Avropa və Uzaq Şərq ölkələri arasında daha etibarlı nəqliyyat əlaqələri təmin edilə bilər. Bu, ABŞ hərbi kontingentinin Əfqanıstanı tərk etməsindən sonra həmin ölkədə yaranan gərginlik və xaos fonunda olduqca mühümdür. Azərbaycanın regional aktor kimi, siyasi əhəmiyyəti və iqtisadi qüdrəti daha da artacaq. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın isə gələcəyi onun sülhün və sabitliyin qorunub saxlanılması istiqamətində davranışından asılı olacaq. Erməni xalqı anlamalıdır ki, bu ölkənin gələcək taleyi qonşularla dinc yanaşı yaşaması və onlara qarşı qanunsuz ərazi iddialarından birdəfəlik əl çəkməsindən asılıdır.

Hazırda Avropa, Türkiyə, Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirak edirlər. Rəsmi Bakı digər ölkələrin, o cümlədən ərəb dövlətlərinin şirkətlərini də bu prosesə qoşulmağa dəvət edir. Düşünürəm ki, Qarabağ torpağı, orada Prezident İlham Əliyevin yaratdığı iqtisadi zonalar beynəlxalq və regional əməkdaşlıq mərkəzinə çevriləcək.

-İqtisadi və geosiyasi amillərlə yanaşı, Azərbaycanın Qələbəsi müsəlman aləminin mənəvi Zəfəri kimi də qiymətləndirilir. Ərəb ölkəsinin akademiki kimi bu barədə nə deyə bilərsiniz?

-Haqlısınız. Bütün İslam aləmi işğaldan azad olunmuş ərazilərdə dağıdılmış və təhqirə məruz qalmış məscidləri, tarixi abidələri gördü. Hələ də anlamaqda çətinlik çəkirəm, İslam dəyərlərinə bu qədər kin və nifrətin səbəbi nədir? Bir tərəfdən, Ermənistan rəsmiləri Yaxın Şərq ölkələrinə səfərləri zamanı dostluq bəyanatları ilə çıxış edirlər. Digər tərəfdən, ermənilər məscidlərdə donuz saxlayırlar. Bu, görünməmiş ikiüzlülükdür. Bu səbəbdən də bütün İslam aləmi Azərbaycanın Qələbəsini İslam dəyərlərinin, dini məbədlərin xilası kimi qəbul etdi. Azərbaycanın rəsmi qurumları işğaldan azad olunmuş ərazilərə diplomatların, jurnalistlərin, hüquqşünasları səfərlərini təşkil edərək, bütün bu barbarlıq aktlarını əyani şəkildə nümayiş etdirir. Artıq Ermənistan rəsmiləri də İslam ölkələri ilə “dostluq” bəyanatları ilə çıxış etmirlər.

Sonda bir nüansı vurğulamaq istərdim. Tarixdə bütün müharibələrin qazanılmasında böyük siyasətçi və sərkərdələrin həlledici rolu olub. Bu kontekstdə Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, təmkinli siyasəti və sərkərdəlik məharətini vurğulamaq istəyirəm. Azərbaycanlılar xalqına arxalanan, qüdrətli Ordu quran, öz ölkəsinin ərazi bütövlüyünü təmin edən və suveren hüquqlarını göz bəbəyi kimi qoruyan Liderə malik olduqları üçün xoşbəxtdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Romada “covıd pasportu”na qarşı nümayişdə polislə qarşıdurma olub

Sonrakı məqalə

Azərbaycan millisi İrlandiyaya uduzub –