105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Oxumaq heç vaxt gec deyil. Bu deyim Vircinia Hislop adlı amerikalı qadın üçün tam yerinə düşür. Belə ki, 105 yaşında olan Hislop Stanford Universitetində magistr proqramına başladıqdan 83 il sonra, yəni bu həftənin sonunda magistr dərəcəsi alıb.

Stanford Universitetinin saytındakı məlumata görə, 1936-cı ildə təhsil sektorunda işə başlamış, bakalavr təhsili almaq və sonra magistr olmaq niyyətində olan Hislop 1940-cı ildə bakalavr təhsilini bitirsə də, İkinci Dünya müharibəsi başlayanda universiteti tərk edib. Yalnız kurs işini bitirdikdən sonra və son dissertasiyasını təqdim etməzdən əvvəl onun Ehtiyat Zabitlər Təlim Korpusunda (ROTC) magistr təhsili alan sevgilisi hərbi xidmətə çağırılıb. Bu, cütlüyün evlənməsinə və Hislopun Stanford Universitetini tərk etməsinə səbəb olub.

Ömrü boyu təhsil sektorunda çalışan Hislop 83 illik fasilədən sonra Stanforda qayıdıb və onilliklər əvvəl – İkinci Dünya müharibəsi ərəfəsində başladığı işi bu həftə tamamlayıb. Universitetin fakültə dekanı Deniel Şvarts diplomun təqdimatı mərasimində deyib: “Bu gün biz 105 yaşlı məzunumuza təhsil sahəsində magistr dərəcəsi verməkdən qürur duyuruq”.

Stanford Universitetində magistr dərəcəsi diplomunu almaq üçün səhnəyə çıxan 105 yaşlı qadını alqışlayanlar arasında onun nəticələri və kötücələri də olub(azərtac).

Əvvəlki məqalə

60 yaşlı Bred Pitt yenidən evlənməyə hazırlaşır

Sonrakı məqalə

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb