11 ay gözlətdilər, sonda ləğv etdilər– ATL Academy təcrübə proqramı ilə bağlı narazılıq

ATL Academy-nin elan etdiyi təcrübə proqramı ilə bağlı narazılıq gündəmə gəlib. Şikayətçi bildirir ki, 2025-ci ilin mart ayında academy tərəfindən elan olunmuş İnformasiya Texnologiyaları üzrə təcrübə proqramına müraciət edib və seçim prosesinin bütün mərhələlərini uğurla keçib.

Onun sözlərinə görə, imtahan və müsahibədən sonra 2025-ci ilin may ayında proqrama qəbul olunduğu rəsmi şəkildə bildirilib. Lakin bundan sonra proses gözlənilməz istiqamətdə davam edib. Təcrübə proqramının başlanğıc tarixi bir neçə dəfə dəyişdirilib və hər dəfə fərqli tarixlər irəli sürülüb.

Şikayətçi iddia edir ki, təxminən 11 ay ərzində proqramın dəqiq başlama tarixi ilə bağlı heç bir aydın və rəsmi məlumat təqdim edilməyib. Uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra isə 2026-cı ilin fevral ayında proqramın ümumiyyətlə ləğv edildiyi bildirilib.

Narazı vətəndaş xüsusilə vurğulayır ki, bu qədər uzun müddət gözlədikdən sonra proqramın ləğvi ilə bağlı aydın, əsaslandırılmış və rəsmi izahat verilməməsi ciddi suallar doğurur. Onun fikrincə, bu cür yanaşma iştirakçı namizədlərin vaxtına, planlarına və gözləntilərinə hörmətsizlik kimi qiymətləndirilə bilər.

Qeyd olunur ki, təhsil və təlim sahəsində fəaliyyət göstərən qurumların namizədlərlə münasibətdə şəffaflıq, operativ məlumatlandırma və məsuliyyət prinsiplərinə riayət etməsi vacibdir. Xüsusilə seçim mərhələlərini uğurla keçmiş şəxslərə qarşı uzunmüddətli qeyri-müəyyənlik yaradılması etik və institusional baxımdan suallar doğurur.

Məsələ ilə bağlı ATL Academy-nin rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.