60 dollara içməli su, 13 dəfə bahalaşan ərzaq, 13 milyon ac insan…- 12 ildə cəhənnəmə çevrilən SURİYA

Suriyanın təkcə öz əhalisini deyil, həm də ən yaxın qonşularını ərzaqla təmin etdiyi dövrlər çoxdan geridə qalıb. İndi əksər suriyalı ailələr üçün ən kəskin problem qidalanma, bəzən hətta aclıqdır. Suriyalılar indi 12 ildir davam edən münaqişənin ən çətin dövrünü yaşayırlar.

BMT-nin Ümumdünya Ərzaq Proqramının yeni hesabatına görə, Suriya əhalisinin demək olar ki, 60 faizi (13 milyon insan) yetərsiz qidalanır və ya aclıq astanasındadır.

Üstəlik, təkcə qeyri-sabit hərbi qarşıdurma zonalarında, məcburi köçkün düşərgələrində və müxalifətin ölkənin şimalında saxladığı rayonlarda deyil, həm də hökumətin nəzarətində olan, ilk baxışdan həyatın normal göründüyü böyük şəhərlərdə belə, acından ölənlər var.

Ölkənin şimalında da vəziyyət ürəkaçan deyil. Suriyalıların adi su içməyə belə, imkanı yoxdur.

Sutəmizləyici qurğuları və nasos stansiyaları olan milli sistem on ildən artıq davam edən döyüşlərdən sonra yararsız vəziyyətdə olduğu üçün milyonlarla insan təmiz içməli sudan məhrumdur. Zavod və fabriklərin axıtdığı zəhərli tullantılara baxmayaraq, əksər suriyalılar kiçik yerli çaylardan süzülmüş su içməli olur. Üstəlik, fermerlər də bu sudan istifadə edirlər.

Çirkli sudan istifadə vəba kimi təhlükəli xəstəliklərin yayılmasına səbəb olub. Su qıtlığı ilə bağlı vəziyyət dağıdıcı fevral zəlzələsindən sonra – Suriyanın şimalında zəlzələlərin yerli bəndlərə və su təchizatına ziyan vurması ilə daha da pisləşdi.

Ölkə özü istehsal edə bilmədiyi çox şeyi xaricdən idxal edir. Sadəcə olaraq insanların almağa pulu yoxdur. Ölkənin şimalında içməli suyun 20 litri üçün 60 dollar ödəmək lazım gəlir. Baxmayaraq ki, ölkədə orta əmək haqqı hazırda 40 dollar civarındadır (2011-ci ildə müharibə təzə başlayanda 300 dollar idi).

Son bir ildə ərzaq qiymətləri iki dəfə artıb. Üç il ərzində isə ərzaq və su 13 dəfə bahalaşıb.

BMT-nin Ümumdünya Ərzaq Proqramı bəyan edir ki, suriyalılara kömək etmək istərdi, lakin ciddi yardım üçün maliyyə çatışmazlığı var.

“Dünya indi bizi unudub. Bu sözləri suriyalılardan getdikcə daha çox eşidirik. Onlar inanılmaz dərəcədə dözümlü insanlardır. Lakin hər kəsin bir həddi var. Dünya nə vaxt “yetər” deyəcək? – Ümumdünya Ərzaq Proqramı Suriya ofisinin direktoru Ken Krossli bildirib.

Pulsuzluqdan bir çox suriyalı qaranlıqda yaşamağa məcburdur. Yanacaq qıtlığı var və elektrik enerjisinin qiyməti yüksəkdir. Əvvəllər Suriya yanacaqla Rusiya tərəfindən təmin edilirdi. Lakin Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra tədarük çətinləşdi. Elektrik təchizatının həmişə digər bölgələrə nisbətən daha yüksək səviyyədə olduğu Hələbdə belə, kiçik biznes sahibləri tələb olunan minimum elektrik xərclərini ödəmək üçün böyük pullar (200 dollara qədər) ödəməli olurlar.

Gün ərzində elektrik enerjisi ən azı 10 saat kəsildiyi üçün hətta işığın pulunu ödəyənlər də tez-tez qaranlıqda otururlar.

Bir çox bölgələrdə elektrik enerjisi cəmi 4 saat, özü də əlverişli olmayan vaxtda verilir. Məsələn, səhər tezdən və ya gecə.

Bir çox suriyalının gözlədiyi nisbətən dinc həyat ümidləri özünü doğrultmadı. Müharibəni ağır sınaqlarla, ölümlərlə başa vuran ərəb ölkəsinin əksər sakinləri məşəqqətlərin həyatlarının ayrılmaz hissəsi olmasına öyrəşiblər.

Ərəb-müsəlman mədəniyyətində bu, böyük günah sayılsa da, ölkədə intiharların sayı kəskin artıb. Üstəlik, intihar edənlərin təxminən 40 faizini azyaşlılar təşkil edir.

Suriyalı uşaqlar ilk məhrumiyyətlərlə ana bətnində üzləşirlər.

Hamilə qadınlar ət, meyvə və tərəvəz ehtiyaclarını ödəyə bilmirlər və əsasən çörək yeyirlər. Nəticədə bir çox uşaq anomaliyalarla doğulur. Daha da pis qidalanma inkişafın ləngiməsinə səbəb olur.

Müxtəlif mənbələrə görə, indi bütün suriyalı uşaqların dörddə birinə qədəri bundan əziyyət çəkir.Buna baxmayaraq, uşaqlar, hətta sağlam olmayanlar da çox tez böyüməli olurlar.

Oğlan bir az da olsa güclənən kimi ona iş tapşırırlar – araba daşımaq, zibil yığmaq, ailə mağazasının kassasının arxasında dayanmaq. Qızlar 12-13 yaşında ərə verilir və evlilik vəzifələri ilə məşğul olurlar.

“Yeni Suriya”da böyüməyin nə demək olduğunu bilən bir sıra gənc valideynlər tez-tez uşaqdan xilas olmağa çalışırlar qərarına gəlirlər. Körpəni məscid və xəstəxanaların qapılarına, bəzən də düz yolun kənarına və zibil qutularına atırlar.

Müharibədən əvvəl Suriyanın məşhur turizm məkanına çevrilməsi üçün hər şeyi var idi: asan viza, aşağı qiymətlər, ləzzətli mətbəx, qonaqpərvər yerli əhali, tarixi abidələr. 2010-cu ildə Suriyaya 8,5 milyon turist səfər etmişdi və sənaye gəlirləri dövlət iqtisadiyyatının 14 faizini təşkil edirdi.

İndi isə əksər dövlətlər öz vətəndaşlarına Suriyaya səfərdən çəkinməyi tövsiyə edir…

Azpost.info

Əvvəlki məqalə

52 yaşlı model Naomi foto paylaşdı, istifadəçilər bəyənmədi –

Sonrakı məqalə

DİM sədri qalmaqallı paralelepipedlə bağlı suala cavab verdi