1988-ci ildə SSRİ Ali Sovetində Qarabağla bağlı gərgin iclas –Qorbaçov nə təklif edib? Vəzirov nəyə çağırıb? /NADİR GÖRÜNTÜLƏR

18 iyul 1988-ci ildə SSRİ Ali Soveti Qarabağ problemi ilə bağlı məsələni müzakirə edib.

Azpost.info bildirir ki, həmin il Ermənistan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) özünə birləşdirilməsi ilə bağlı qərar qəbul edib, Azərbaycan Ali Soveti isə bu qərarı rədd edib.

SSRİ Ali Soveti Ermənistan və Azərbaycan Ali Sovetlərinin bu qərarlarını müzakirəsi ilə bağlı növbədənkənar iclas keçirib. İki respublikanın rəhbərlərinin və SSRİ Ali Soveti deputatlarının iştirak etdiyi iclasa M.S.Qorbaçov sədrlik edib.

Azpost.info 36 il əvvəl keçirilmiş bu iclasın video görüntülərini tapıb.

3 saata yaxın davam edən iclasda sovet rəhbərliyi, Azərbaycan və Ermənistan rəhbərliyi, DQMV-in başçısı, müttəfiq respublikaların deputatları çıxış ediblər.

Azərbaycandan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbürrəhman Vəzirov, Ali Sovetin Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev, xalq yazıçısı Mirzə İbrahimov çıxış edir.

Ermənistandan isə Birinci katib Aratunyan, Ali Sovetin sədri, Yerevan Dövlət Universitetinin rektoru Ambarsumyan, akademik Ambarsumyan, yazıçı Poqosyan, DQMV-in İcraiyyə Komitəsinin sədri çıxış edib.

Aqressiv şəkildə danışan erməni nümayəndələri iclasda iştirak edən Mixail Qorbaçovdan DQMV-in Azərbaycanın tabeliyindən çıxarılmasını, ona respublika statusunun verilməsini tələb edirlər.

Azərbaycan nümayəndə heyətinin çıxışları isə trafaret xaraketer daşıyır. Daha çox “Lenin milli siyasəti”, “xalqlar dostluğu” və s ideoloji tezisləri üzərində qurduqları çıxışlar ciddi effekt doğurmur.

Vəzirovun çıxışı daha çox özünütənqid elementləri üzərində qurulub, Mirzə İbarhimov isə vəziyyət barədə danışmaqdan yayınaraq “xalqlar dostluğu” prinsipini vurğulayır.

Erməni nümayəndə heyəti çıxışlarda daha sərt və prinsipal təsir bağşlayır.

Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçovun məsələ ilə bağlı çıxışı da birmənalı sayıla bilməz. O, Ermənistanda və Dağlıq Qarabağda başlanmış separatizm hərəkatını SSRİ konstitusiyasına və ərazi quruluşuna yönəlmiş dövləti cinayət adlandırmaq əvəzinə “hansısa problemin həlli üçün təklif və güzəştlərin” vacibliyindən danışır.  Qorbaçov DQMV-in idarəçiliyini Azərbaycandan alaraq SSRİ rəhbər orqanlarına verilməsi ideyasını da təklif edir.

 

Ondan fərqli olaraq Ukraynadan olan Ali Sovetin sədri Şerbitsi, Qazaxsan Ali Sovetinin sədri və digərləri SSRİ-də ərazi dəyşikliklərinin yolverilməz olduğunu bildirir və bu prosesin başlanacağı təqdirdə bunun zəncirvari reaksiya doğuracağını vurğulayırlar.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Andrey Qromıkonun çıxışı da maraqlıdır. O, SSRİ-də ərazi prinsiplərinin pozulmasını yolverilməz adlandırır. Qromıko Qarabağda baş verənləri beynəlxalq münasibətlərdə artıq əks-səda verməsi barədə maraqlı açıqlama verir.

O bildirir ki, bu günlərdə SSRİ rəhbləriyi ilə birgə Polşada olarkən onlara, Qafqazda, Qarabağda nə baş verdiyi barədə suallar veriblər.

Gərgin atmosferdə keçən iclasda DQMV-nin Ermənistan SSR-ə verilməsinin qəbuledilməz olduğu, Azərbaycan SSR-in konstitusiya əsasında yaradılmış sərhədlərinin və milli-ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkün olduğu qərara alınıb.

On gün sonra 26 iyul 1988-ci ildə Sov.İKP MK və SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə iclasında SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul tarixli qərarı müzakirə olunub. DQMV-yə SSRİ Ali Soveti Rəyasət Heyətinin xüsusi səlahiyyətlərə malik nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı, Sov.İKP MK-nın şöbə müdiri Arkadi Volskinin DQMV-ə göndərilməsi qərara alındı.

Onun rəhbərliyi ilə DQMV-də Xüsusi Komitə fəaliyyətə başlayır. Bu bədnam Komitənin fəaliyyəti Azərbaycanın maraqlarına zidd idi. Volskinin vaxtından başlayaraq Qarabağda separatizm daha da güclənməyə başladı.

1988-ci ildə SSRİ-də başlanmış bu münaqişə sonradan qanlı müharibəyə çevrildi, çoxlu qurbanlar gətirdi.  Azərbaycan torpaqlarının 25 faizinin işğalı ilə nəticələndi.

2020-ci ilin sentyabrında başlanmış Vətən Müharibəsi ilə Azərbaycan işğal edilmiş torpaqlarını azad etdi. 2023-cü ilin sentyabrında ildırımsürətli xüsusi hərbi əməliyyat ilə isə Azərbaycanın keçmiş Dağlıq Qarabağ üzərində süverenliyi bərpa olundu.

Azpost.info 36 il keçirilmiş həmin iclasın videosunu oxucularına təqdim edir:

 

Əvvəlki məqalə

“ABŞ qoşunlarını Suriyadan çıxarmır”

Sonrakı məqalə

Gəncədə uşaq 7 metr dərinliyi olan su anbarına düşüb