Amerikalı reper Poorstacy (əsl adı: Karlito Milforta) Florida ştatında 26 yaşında vəfat edib.
AzPost xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilir ki, musiqiçi 10 gün ərzində Boka-Raton şəhərində bir qadın və uşaqla birlikdə hotel otağında qalıb. Noyabrın 29-u səhər saatlarında o, xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Mənbənin yazdığına görə, ölüm səbəbi hələ də məlum deyil. Sosial şəbəkələrdə bir sıra istifadəçilər reperin özünə qəsd etmiş ola biləcəyini ehtimal etsə də, rəsmi qurumlar bunu təsdiqləmir.
Poorstacy emosional rep və pank-rok üslublarını birləşdirən musiqisi ilə tanınırdı. O, prodüser Trevis Barker ilə əməkdaşlıq etmiş və “Bill və Ted yenidən iş başında” adlı film üçün “Qremmi”yə namizəd olmuş saundtrekdə iştirak etmişdi.