28 gürcünü daşqından xilas etmiş Rahib Məmmədovun qardaşı:"Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

Svanların kompakt yaşadığı Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində 1987-ci ildə sel daşqınları zamanı 28 nəfəri həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər, ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilmiş Rahib Məmmədovun qardaşı Sahib Məmmədov Dmanisidə baş verən insidentlə bağlı açıqlama verib.

S. Məmmədov APA-ya açıqlamasında bildirib ki, Dmanisidə məişət zəminində baş vermiş xırda hadisəni böyütmək, ona siyasi çalar vermək və etnik qarşıdurma kimi təqdim etmək ancaq Gürcüstan və Azərbaycan xalqları arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərini gözü götürməyənlərin işi ola bilər: “Mən Dmanisi rayonunun bütün sakinlərini ayıq-sayıq olmağa çağırıram, heç bir təxribata, qızışdırıcı çağırışlara getməməyə səsləyirəm. Artıq Gürcüstanın aidiyyəti strukturları məsələyə münasibət bildiriblər və araşdırmalara başladıqlarını bəyan ediblər. Əminəm ki, məsələ nəzarətə götürülüb, günahkarları cəzalandırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

Mənim qardaşımın həyat hekayəsi Gürcüstan və Azərbaycan xalqları arasında necə möhkəm dostluq əlaqələri olduğunu göstərdi. Rahib həlak olan gün kənddə doğulmuş oğlan uşağını onun qəhrəmanlığının şərəfinə Rahib Çanturiya adlandırıblar”.

S. Məmmədov qeyd edib ki, bu gün də Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu təqdim edən çoxlu fakt sadalamaq olar: “Hər iki ölkənin rəhbərliyi bu münasibətləri daha da möhkəmləndirmək üçün əllərindən gələni edirlər. Biz çətin günlərdə bir-birimizə arxa olmuşuq, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər var və bu münasibətləri qoruyub saxlamaq hər birimizin borcudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda doğulan körpələrə nə qədər müavinət verilir?

Sonrakı məqalə

On yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə başlayıb