31 il əvvəlki “dəmir yumruq” –20 Yanvarda xalqın yekdilliyi SSRİ-ni necə qorxutmuşdu?

27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük müharibədə Azərbaycan xalqı düşmənə qarşı vahid yumruq kimi birləşdi. Müzəffər Azərbaycan ordusu xain düşməni darmadağın edərək Azərbaycanın işğal altında olan ərazilərini azad etdi.

Xalqımız sonuncu dəfə belə milli həmrəyliyi 31 il əvvəl-1990-cı ilin qanlı yanvar günlərində göstərmişdi. O zaman SSRİ rəhbərliyinin Qarabağda başlanmış separatçı hərəkata dəstək verməsi, Azərbaycanın ədalətli mövqeyini görməməzliyə vurması xalqımızda ciddi etiraz doğurmuşdu. Kremlin himayəsi ilə Dağlıq Qarabağda silahlı erməni dəstələri azərbaycanlıları öldürür, evlərindən qovurdu. Moskva isə bütün bunları saxta “beynəlmiləlçi” şüarları altında pərdələyirdi.

Belə mürəkkəb və ağır dövrdə Azərbaycanın sovet siyasi rəhbərliyi xalqın önündə gedib böhranın həllini çiyinlərinə götürməkdənsə Moskva qarşısında müti dayanmağa və məsuliyyətdən qaçmağa çalışdılar. Bu böhranın ağır yükü ictimai təşkilatların, ziyalıların və ictimai xadimlərin üstünə düşdü. Məhz onların cəsarəti sovet rejimindən dəhşətli zərbə alan xalqın toparlanmasına kömək etdi.

Bu yekdillik son nəticədə Azərbaycanın azadlığı uğrunda gedən mübarizədə xalqı daha da mətinləşdirdi və SSRİ-yə qarşı mübarizəsini yeni mərhələyə çıxartdı.

Yanvar qırğını ərəfəsində Azərbaycanın tanınmış ictimai xadimlərinin sovet ordusunun Bakıya girməməsi üçün apardığı fəaliyyət tarixin arxivinə yazılıb.

Faciənin qarşısını almaq üçün SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi ilə ölkənin nufuzlu ziyalılarının, ictimai xadimlərinin görüşündə xalq şairi Bəxtiyar Vahabzadənin, xalq yazıçısı İsmayıl Şıxlının,  görkəmli bəstəkar Arif Məlikovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin göstərdikləri səylər bunu bir daha təsdiq edir.

Bu baxımdan 17 yanvar 1990 –cı ildə  SSRİ İttifaqlar Sovetinin sədri Yevgeni Primakov və Sov.İKP MK katibi A.Girenkonun partiya rəhbərləri, AXC nümayəndələri və ziyalılarla keçirilən görüşü ilə bağlı mərhum şairimiz Bəxtiyar Vahabzadənin verdiyi müsahibədə həmin gərgin atmosfer öz əksini tapmışdı. Xalq yazıçısı İsmayıl Şıxlının, Nurəddin Rzayevin, Şeyxülislam Allahşükür Paşazadənin və Həsən Həsənovun arqumentləri qarşısında aciz qalan sovet rəhbərləri Bakıya ordu yeridilməsi ilə bağlı qərarın olmadığını demişdilər. Həmin toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşkür Paşazadənin Yevgeni Primakovun üzərinə əsəbi şəkildə yeriyərək kəskin mübahisəsi hamını heyrətləndirmişdi. Şeyxülislam ordunun Bakıya girəcəyi təqdirdə bunun sovet dövləti üçün nəticəsinin pis olacağını bəyan etmişdi.

İctimai xadimlərin sovet rəhbərliyi ilə bu görüşləri nəticəsiz qaldı.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri heç bir xəbərdarlıq etmədən Bakıya soxuldular və qanlı qətliam törətdilər.

Sovet vətəndaşı hesab olunan azərbaycanlılar öz dövlətinin ordusunun bu qəddarlığından şoka düşmüşdülər. Yaranmış xaos və böhranın yaratdığı təlatümlərdən idarəçiliyi iflic olan siyasi rəhbərliyin yerini yenə ictimai xadimlər və vətənpərvər insanlar doldurmağa çalışdılar.

Yanvarın 21-də çağırılmış Ali Sovetin iclasının aparıcıları İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və Tofiq Bağırov olmuşdu.

Bütün gecə davam edən iclasda  qəbul edilən bəyanatı Ali Sovetin sədri Elmira Qafarova imzalamışdı.  Bununla da Ali Sovetin sədri Elmira Qafarovanın  verdiyi bəyanat faciəyə dair Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini ifadə edən mühüm sənəd olaraq tarixə düşdü.

Xalq yazıçısı İsmayıl Şıxlı 24 yanvar 1990-cı ildə Mərkəzi Komitənin Plenumunun iclasında iştirak edən Siyasi Büronun üzvü Yevgeni Primakovu baş verənlərə görə sərt  formada ittiham edərək “heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlmədiyini” dedi. “Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmamışdır. Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər”-deyə İ.Şıxlı Primakovun üzünə demişdi.

Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirilən mətbuat konfransında sabiq sovet dövlət xadimi Heydər Əliyevin bu qırğınla bağlı SSRİ hakimiyyətini ittiham edən sərt bəyanatı Azərbaycan xalqı içərisində böyük rezonans verdi. Azərbaycanın rəhbərliyindən Sovet İttifaqının idarəçiliyinə qədər yüksəlmiş xalqımızın böyük oğlu Mixail Qorbaçovun əli ilə hakimiyyətdən uzaqlaşdırılmışdı. Onun sakit pensiyaçı həyatı sürəcəyinə dair inamlar özünü doğrultmadı. Doğma xalqına qarşı bu vəhşiliyə çox sərt şəkildə etriaz edən Heydər Əliyevin bu mövqeyi azərbaycanlıların yekdillik nümayişinə əhəmiyyətli təsir göstərdi.

Baş verənləri həyasızcasına dini motiv verən Moskva bununla da beynəlmiləl şəhər kimi tanınan Bakını heyrətdə qoydu.

Bakıdakı qanlı qırğına həyasızcasına dini rəng qatan Kreml öz cinayətinə haqq qazandırmaq üçün belə ağlagəlməz vasitəyə  əl atmışdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirdikləri  haqda məlumat yayırdı. Bu baxımdan yanvar qırğını ərəfəsində SSRİ-nin rəhbərlərindən sayılan Yevgeni Primakovun Şeyxulislam Allahşükür Paşazadəyə etdiyi hakimiyyəti götürmək təklifi hazırladnmış təxribatın hansı miqyasda olmasını göstərir.

QMİ sədri Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” adlandırmışdı.

Şeyxülislamın qanlı qırğınla bağlı SSRİ rəhbəri Mixail Qorbaçovu ittiham edən bəyanatı bütün dünyada böyük rezonans verdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.

Şəhidlərin dəfni isə Azərbaycan xalqının vahidliyinin mücəssəməsinə çevrildi.

Bakıya təyin edilmiş sovet hərbi komendantı, general Dubinyak  və Azərbaycan rəhbərliyinin bəzi “milli” məmurları meyitləri tez bir zamanda doğulduqları rayonlara göndərib dəfn olunmasını istəyirdilər. Buna ilkin cəhdlər edilirdi.

Meyitlər isə Təzəpir məscidinə gətirilməyə başlanmışdı…

Burada ölkənin milli yaddaşına, gələcək nəslin and yerinə çevriləcək bir addımla bağlı qərar verildi. Şəhidləri bir yerdə, qardaşlıq məzarlığında dəfn etmək!

Xalq etibar etdiyi şəxslərini qabağa verərək onlara bu müqəddəs işi yerinə yetirməyi həvalə etdi. Mərkəzi Komitənin qarşısındakı mitinqdə professor Qüdrət Əbdülsəlimzadənin sədrliyi ilə İctimai Dəfn Komissiyası yaradıldı.

Həmin günlər Şeyxulislam Allahşükür Paşazadə üçün ömrünün ən ağır günü idi. “Təzəpir” məscidinə gələn sovet hərbiçiləri meyitlərin dərhal buradan çıxarılmasını və müvafiq qaydada yaşayış yeri üzrə dəfn olunmasını tələb edirdilər. Şeyxulislam isə Təzəpirdə bütün  din xadimlərini yığaraq Şəhidlərin dəfninə hazırlaşır. Mərasimlə bağlı toplantıda din xadimlərinə evdəkilərlə hallalaşıb çıxmağı tapşıran Şeyx hər cür təhlükənin baş vercəyini istisna etmirdi.

Yanvarın 22-də milyonlarla insan Bakıda Şəhidlərin dəfninə gəlmək üçün küçələrə çıxdılar. Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Kremlə qarşı etirazının nümayişinə çevrilir. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı.

Azadlıq Meydanından başlanan milyonluq izdihama başçılıq edən A.Paşazadə  Bakının hərbi komendantından dəfn prosesində bir nəfər belə hərbçinin görünməməsini tələb edir və izdihamdan qorxan hərbçilər bunu yerinə yetirməyə məcbur oldular.  Bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olunur.

Qeyd edək ki, həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsi  milyonlarla vətəndaşın ümid yerinə çevrilmişdi. QMİ hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi. Şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilatı rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması QMİ-nin  fəaliyyətinin  yalnız görünən tərəfi idi.

1990-cı ilin mart ayında Mixail Qorbaçovun prezident seçilməsinə etiraz edən Şeyxülislam Allahşükür Paşazadə  SSRİ Xalq deputatı mandatından imtina etdi və bununla sovet rəhbərinin Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatdı.

Yanvar qırğını Azərbaycan xalqını qəddini əysə də, sındırmadı.  Xalqı qorxutmaq cəhdi iflasa uğradı. Şəhidlərin dəfnində 1 milyon adamın küçəyə çıxması onu subut etdi ki, Moskvanın Bakını ram etmək cəhdi tam iflasa uğrayıb.

Bu faktlar isə bir həqiqəti ortaya qoyur: Yumruq kimi birləşən Azərbaycan cəmiyyəti Vətənin ən ağır günündə iradəsini ortaya qoyaraq misilsiz tarix yazdı.

Azərbaycan xalqı 30 il sonra – 2020-ci ildə “Dəmir yumruğ”u 44 günlük müharibədə bir daha nümayiş etdirərək öz dövlətinin və yurdunun xilası üçün hər çətinliyə hazır olduğunu, düşmənə qarşı vahid cəbhədə birləşdiyini, ədalətin təntənəsini nümayiş etdirdi.

Çingiz ƏSƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən Bakıda və rayonlarda SMS-icazə sistemi ləğv olunur

Sonrakı məqalə

Məsut Özil İstanbula gəlib –