44 günlük sınaqdan uğurla çıxan İƏT –Şeyxülislam sovet vaxtı Azərbaycanı quruma necə üzv edib? (TARİX) 

Azərbaycanın 44 günlük müharibəsində qələbəsi beynəlxalq müstəvidə böyük rezonans verib. Müharibənin gedişatında ölkəmizin öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə həm də beynəlxalq platformada ölkəmizə olan münasibətin bir indikatoru oldu.

Prezident İlham Əliyev xalqa müraciətinin birində buna işarə edərək bu günlərin Azərbaycanın dostlarının müəyyən olunmasında böyük rol oynadığını demişdi.

Müharibənin ilk günündən bizə dəstək verən ölkələr və beynəlxalq qurumlar verdikləri bəyanatları ilə müharibə tarixində yerini aldılar. Bu günlər həm də Azərbaycan üçün diplomatik cəbhədə bir sınaq oldu. İllər ərzində ən müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın apardığı fəaliyyət müharibədə xarici dəstəyin təşkili üçün zəruri rıçağa çevrildi.

Bu sırada müsəlman ölkələrinin üzv olduğu nufuzlu İslam Əməkdaşlıq Təşkilatının mövqeyi ilk gündən seçildi.

Ermənistanın ölkəmizə qarşı təxribatının baş verməsindən bir gün sonra –sentyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanat verərək Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə pislədi. İƏT Azərbaycanla həmrəyliyini ifadə edərək  Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb etdi.

Hərbi əməliyyatların getdiyi müddət ərzində İƏT üzvü olan ölkələrin dini rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərərək dəstəklərini ifadə etdilər.

Noyabrın 10-da  Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirilən onlayn Beynəlxalq Konfransında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat bir daha Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəsinə İƏT-in dəstəyini bir daha vurğuladı.

İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyinin noyabrın 16-da  verdiyi növbəti bəyanatında Azərbaycan və Ermənistan arasında döyüşlərin dayandırılmasını alqışlayıraq bildirdi ki, qurum münaqişənin İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarları əsasında həll olunmasını dəstəkləyib.

İƏT-in Baş Katibliyi Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipləri əsasında, Azərbaycanın işğal altında qalan digər ərazilərindən də tam və qeyd-şərtsiz çıxarılmasına ümid etdiyini bildirdi.

Noyabrın 28-də Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında Ermənistan Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edildi. Bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edildi.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənildi. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirildi.

Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlandı.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması, bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə isə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunurdu.

Göründüyü kimi bu mötəbər təşkilat Azərbaycana birmənalı dəstək nümayiş etdirib.

 Azərbaycanın İƏT-lə münasibətlərinin tarixi isə 30 il əvvələ gedir.

1969-cu ildə Mərakeşdə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmış İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.

29 il əvvəl SSRİ-nin tərkibində olan Azərbaycandan İƏT-in Dakarda keçirilən sammitinə getmiş nümayəndə heyəti böyük risk hesabına ölkəmizi bu nufuzlu quruma tam hüququlu üzv edə bilmişdi. 1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq, İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

QMİ sədri müsahibələrinin birində 1991-ci ilin dekabrında ölkəmizin bu mötəbər quruma üzvlüyündə oynadığı rolu həyatının ən yadda qalan hadisəsi adlandırmışdı.

Dakar sammitində Azərbaycanın quruma üzvlük məsələsi gündəlikdə durmayıb.  QMİ sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə elə oradaca Azərbaycanı İKT-tə üzv etmək təklifi qaldırılıb. Lakin bunun üçün Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun razılğı və imzası zəruri idi. Nümayəndə heyətində olan kommunist rəsmilər bu müzakirənin başlanmasına qəti etiraz etsələr də A.Paşazadə yaranmış fürsəti əldən buraxmamaq qərarına gəlir. O, prezident Ayaz Mütəllibovun adından sənədi imzalayıb. Bu çox təhlükəli və riskli qərar idi. Çünki SSRİ hələ mövcud idi və bunun nəticələri ağır ola bilərdi. Allahşükür Paşazadə ilə sammitə gəlmiş Azərbaycanın yüksək çinli hakimiyyət rəsmisi qorxusundan sammiti tərk edir və Bakıya qayıdır. Allahşükür Paşazadə isə Azərbaycanın İKT-yə üzv olması üçün ərizəni dövlət başçısı adından imzalayır: “Azərbaycanı təşkilata üzv qəbul etdilər. Müsəlman dövlətlərinin rəhbərləri mənə yaxınlaşaraq hamısı bir-bir təbrik etdi. O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu”-deyə Şeyxülislam müsahibəsində həmin günü xatırlamışdı.

Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi.

90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İKT-nın dəstəyi mühüm faktora çevrilir. Həmin dövrdə ölkəmizin mövqeyin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edir.

Mərhum prezident Heydər Əliyevin 1994-cü ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı ilə  İKT Zirvə görüşləri tarixində ilk dəfə Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul olunub.

Zirvə toplantısında həmçinin Qarabağ münaqişəsi və Azərbaycana iqtisadi yardımın göstərilməsi ilə bağlı qəbul olunmuş qətnamədə BMT qətnamələrinin yerinə yetirilməsini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edilir.

1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə siyasi qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı ilə qəbul edildi. Bu, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı.

2000-ci illərdə də Azərbaycanın İKT ilə əlaqələri yüksək səviyyədə olub. Prezident İham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Bu əlaqələrin səmərəli və etimada söykənən əməkdaşlığının əsasında  Azərbaycan rəhbərliyinin ilər ərzində apardığı siyasətin mühüm aspektləri durur. Xüsusən QMİ sədrinin bu müstəvidə rolu unikal olub. Onun şəxsi nufuzu və əlaqələri İƏT-də ölkəmizin mövqelərinin möhkəmlənməsində öz rolunu oynayıb.

Beynəlxalq təşkilatlar sırasında ilk dəfə olaraq Xocalı faciəsi İƏT tərəfindən soyqırımı aktı kimi tanınıb.

Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanı Qələbə münasibəti ilə təbrik edib. Baş Katib Dağlıq Qarabağ bölgəsinin azad edilməsini “əlamətdar zəfər” adlandıraraq  bildirib ki, Baş Katiblik İƏT və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamə və qərarlara uyğun olaraq bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan Respublikasını və onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini davamlı olaraq dəstəkləyib.

İllər əvvəl İslam ölkələrinin bu nufuzlu platforması ilə qurulmuş əlaqə Azərbaycanın Zəfər Günü üçün böyük mənəvi dəstəyə çevrildi.

İƏT Azərbaycanın müsəlman aləmi ilə əlaqələrində etibarlı platforma hesab edilə bilər.

Emin ABBASOV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən dekabrın 7-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

“Paşinyan müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi” –