7 gündə maskalardan istifadə etməyən 533 şəxs cərimələnib –

DİN
09 Dekabr 2020 - 12:23

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarət gücləndirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən verilən məlumata görə, noyabrın 30-dan dekabrın 6-dək keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub. Eləcə də bu müddətdə ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”dən irəli gələn tədbirlər davam etdirilir.

“Diqqətə çatdırırıq ki, sərnişinlərlə sürücünün fiziki təmasının məhdudlaşdırılması üçün nəqliyyat vasitələrində şəffaf, hava keçirməyən arakəsmələr quraşdırılmalı, şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda oturmalıdırlar.  İctimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır”, – deyə DİN-dən bildirilib.