İpoteka
Azərbaycanda adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu başlayıb. Noyabrın 13-də saat 15:00-dan etibarən 6848 müraciət qeydə alınıb. Lakin ayrılmış limitlər çərçivəsində 1393 nəfərin müraciəti qəbul edilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” MMC-nin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 2026-cı ildə adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılıb. Müraciətlər “MyGov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən qəbul edilib.
Məlumatda vurğulanıb ki, müraciətlərin hər kəs üçün bərabər şəraitdə və real vaxt rejimində qəbulunu təmin etmək məqsədilə sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri aparılıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin olunub.
Bu dəfə ipoteka kreditləşməsi prosesində yenilik də tətbiq edilib. Belə ki, ilk dəfə vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyiblər.
Fond ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunmasının əhali arasında yüksək tələbat yaratdığını bildirib.
Hazırda müraciətlərin qəbulundan sonrakı proseslər qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun davam etdirilir.
