Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Məmmədov Səbuhi Elburus oğlu Serbiya Respublikasında saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Azpost.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törətməkdə ittiham olunan şəxslərin saxlanılması və ölkəyə gətirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir.
Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiya Respublikasında müəyyən edilən Səbuhi Məmmədov iyulun 19-da Azərbaycana ekstradisiya olunub.
İstintaq materiallarına əsasən, o, 2023-cü ildə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə müxtəlif yalan vədlər verməklə 90 milyon 869 min 964 manat məbləğində ziyan vurmaqla külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Ədliyyə Nazirliyinin məlumatına görə, Baş Prokurorluğun ekstradisiya sorğusu və aparılan danışıqlardan sonra Serbiya tərəfi həmin şəxsin Azərbaycana təhvil verilməsinə razılıq verib.
Nazirlik qeyd edib ki, bu qərar Azərbaycanla Serbiya arasında hüquqi əməkdaşlığın yüksək səviyyədə olduğunu və Serbiyanın ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.
Səbuhi Məmmədov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları tərəfindən Belqraddan Bakıya gətirilib. O, məhkəmənin həbs qərarına əsasən istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə ekstradisiyası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.