Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon Məhkəməsinə gətirilib.
Hakim Teymur Qurbanovun sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılır.
İstintaq orqanından Rəşad Əmirov barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub. (APA)
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.