ABŞ administrasiyası “Minuteman III” qitələrarası ballistik raketinin (ICBM) təlim buraxılışını keçirəcəyi ilə bağlı Rusiyaya əvvəlcədən xəbərdarlıq edib.
Azpost.info TASS-a istinadən bildirir ki, raket buraxılışı sentyabrın 6-da olacaq. Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
O, ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığının sentyabrın 6-da səhər saatlarında Kaliforniyada “Vandenberq Kosmik Qüvvələri Bazasından döyüş başlığı olmadan ICBM-nin sınaq buraxılışını həyata keçirəcəyini vurğulayıb.
Rayder deyib ki, mövcud ikitərəfli öhdəliklərə uyğun olaraq, ABŞ buraxılış barədə əvvəlcədən xəbərdarlığı göndərib və Rusiya hökumətini əvvəlcədən xəbərdar edib.
“ICBM-nin sınaq buraxılış proqramının məqsədi ABŞ nüvə qüvvələrinin döyüş hazırlığını nümayiş etdirməkdir” – deyə general vurğulayıb və əlavə edib ki, bu sınaq çoxdan planlaşdırılıb.
Rayderin sözlərinə görə, əvvəlki sınaq buraxılışları kimi, bu ICBM sınaq buraxılışı da silah sisteminin effektivliyini, hazırlığını və dəqiqliyini yoxlayacaq və təsdiq edəcək”.
Minuteman III-ün əvvəlki sınaqları aprel ayında baş tutub.
Azpost.info