23 il əvvəl ağlayaraq muğam oxuyan qarabağlı uşaq indi hardadır? –Hamını kövrəldən kadrları kim çəkib? /VİDEO

İnternetdə hamını qəhərə boğan bir görüntünün illər sonra maraqlı tarixçəsi məlum olub. 

Azpost.info bildirir ki, youtube”də 2000-ci ildə İmişilidəki qaçqın düşərgəsində çəkilmiş bir videoda 13 yaşlı bir uşağın göz yaşları içində muğam oxuması baxanları kövrəldirdi.  Kadrlarda segah üstündə  “İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir”, – oxuyan uşaq göz yaşlarını saxlyaya bilmir.

O zaman 13 yaşı olan Nizami Paşayev bu gün həmin misraları böyük sevinc və qürurla ifa edir.

44 günlük Vətən müharibəsində onun dədə-baba torpağı – Füzuli də düşməndən azad edildi.

Bəs onu ABŞ-dan olan musiqiçi, Azərbaycan muğamlarının pərəstişkarı olan Cefri Verbax ilə nə bağlayır?

Bu çəkilişin tarixi isə belədir:

23 il əvvəl -2000-ci ildə amerikalı musiqiçi Cefri Verbok İmişildə məcburi köçkünlərlə görüşüb. İstedadlı uşaqları seçmək üçün. Elə həmin vaxtdan Nizaminin ifasına heyran qalır. Sonrakı illərdə Cefri “Gənc səslər, qədim nəğmə” filminin baş qəhrəmanı olaraq elə füzulili Nizamini seçir.

Azərtac-a müsahibəsində Nizami Paşayev həmin günləri və videonun çəkildiyi anlardan danışıb.

“İlk video İmişli rayonunun Bəhramtəpə qəsəbəsində, bizim məskunlaşdığımız qaçqın düşərgəsində çəkilib. O zaman mənim 13 yaşım var idi”, – deyə Nizami bir neçə il əvvəl Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

C.Verbok Nizaminin ifasını bəyənir və onun haqqında film çəkməyə qərar verir. Yenidən Azərbaycana gələrək onu axtarmağa başlayır.

Cefri Verbok 2008-ci ildə Azərbaycana gələndə Nizamini asanlıqla tapa bilmir. Çünki onun əlində Nizaminin 13 yaşı olanda çəkilən fotosundan başqa heç bir məlumat yox idi. Bir neçə rayonu gəzəndən sonra nəhayət, Nizaminin ailəsini tapa bilir.

Cefri Verbok Nizaminin ifa etdiyi muğam haqqında film çəkməyə başlayır. Filmin çəkilişi 2015-ci ildə tamamlanır:

“Cefri haqqımda iki film çəkib. Biri uşaq olanda ifa etdiyim muğam, ikincisi isə 2008-2015-ci ildə çəkilən filmdir. İkinci filmin təqdimatı 2017-ci ildə Nizami kinoteatrında oldu. Həmin ərəfədə Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovun çox dəstəyini gördüm”.

Nizami Paşayev əslən Füzuli rayonunun Zərgər kəndindəndir. Rayonlarından köçkün düşdüyü günü bu gün kimi xatırlayır. Deyir, hamı bacardığı qədər əşyasını götürüb, çıxmağa çalışırdı. Bu zaman onların da ailəsi rayondan çıxır.

Onun sözlərinə görə, İmişlidə qaçqın şəhərciyində çox çətinliklər yaşayıb. İmkansızlıq, soyuq evlər, işsizlik.

Həmin dövrdə ailədə təkcə Nizaminin anası işləyir, ailəni saxlamağa çalışırdı. Həyat onlar üçün heç də düşünüldüyü qədər asan olmayıb: “Beş nəfər bir otaqda qalırdıq. Evlər dəmirdən olduğu üçün çox soyuq olurdu. Kimin imkanı çatırdısa, özünə palçıqdan ev tikirdi …”.

Nizami 2005-ci ilə qədər ailəsi ilə İmişlidə yaşayır. Sonra isə Bakıya gələrək, müxtəlif işlərdə işləməyə başlayır.

Sənətə marağı böyük olsa da, yaşadığı sıxıntılar, maddi problemlər ona sənətinin arxasınca getməyə mane olur. O, təhsil ala bilmir və taleyin yönləndirdiyi istiqamətə üz tutur, hərbçi olur: “Mən yenidən təhsil almaq istəyirəm. Məsələn, Mənsum İbrahimovun tələbəsi olmağı çox arzulayıram”.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.