Lənkəranda, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisində yanğın baş verib.
AzPost xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bazar ərazisində meyvə-tərəvəz satışı həyata keçirilən mağazada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Lənkəranda yanğın nəticəsində ümumi sahəsi 9kv.m. olan mağazanın talvar hissəsi 5kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bazar ərazsinidə yerləşən bitişik obyektlər yanğından mühafizə olunub.
Xatırladaq ki, 6 gün əvvəl Lənkəranda dənizə çıxan 2 balıqçıdan da hələ xəbər yoxdur.
Balıq tutmaq məqsədi ilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar. Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata onlardan heç bir xəbər yoxdur.
Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir ki, balıqçılıqla məşğuldular.