İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək. Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. AzPost bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. Fələstinlilər artıq bölgədə daha təhlükəsiz və daha gözəl icmalara, yeni və müasir evlərdə yerləşdiriləcəklər”, – Tramp qeyd edib.
O əlavə edib ki, ABŞ əsgərlərinə ehtiyac olmayacaq.
İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək?
Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp bildirib ki, Qəzza sakinlərini Misir və İordaniyaya köçürmək lazımdır. Bir neçə ərəb ölkəsi onun bu ideyasının əleyhinə çıxış edib. ABŞ liderinin fikrincə, ABŞ Qəzzanı nəzarətə götürməli, təhlükəli bomba və digər silahları zərərsizləşdirməli və bu ərazini yenidən qurmalıdır.
Bununla belə, Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı vurğulayıb ki, burada amerikalı hərbçilərin Qəzzaya yerləşdirilməsindən söhbət getmir. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərinin digər ölkələrə köçürülməsi ilə bağlı ideyasını dəstəkləyib.
Vaşinqton Administrasiyası Qəzza zolağının sakinlərini Somalinin Puntlend, Somalilend əyalətlərinə və Mərakeşə köçürməyi düşünür.
Bu barədə N12 telekanalı məlumat verib.
Məlumata görə, Mərakeş və Somalinin yarım muxtar bölgələri ABŞ-nin dəstəyinə çox ehtiyac duyurlar, buna görə də onları Prezident Donald Trampın təşəbbüsünü dəstəkləməyə razı salmaq daha asan olacaq.