Müasir həyat ritmi çox insanı bədəninin təbii bio saatına qarşı hərəkət etməyə vadar edir. AzPost xəbər verir ki, həkim və alimlərin son araşdırmalarına əsasən, insan orqanizminin müəyyən saatlarda fərqli funksiyaları daha aktiv olur. Bu isə sağlamlıq üçün ən uyğun vaxtlarda müxtəlif işlərin görülməsini zəruri edir.
Mütəxəssislər bildirir ki, səhər saat 6-8 arası bədənin stress hormonu kortizol yüksək olur və bu vaxt fiziki aktivlik üçün ideal saatlardır. Yüngül səhər yürüşü və nəfəs məşqləri orqanizmi günə hazırlamağa kömək edir. Saat 8-10 aralığı isə beynin daha aktiv işlədiyi dövrdür və intellektual işlər, yazı, plan qurmaq üçün ən yaxşı vaxt hesab olunur.
Saat 12-dən sonra həzm sistemi maksimum fəaliyyətdə olur. Məhz bu vaxt nahar etmək, protein və liflə zəngin qidalar qəbul etmək tövsiyə edilir. Araşdırmalar göstərir ki, saat 14:00-da bədən temperaturu yüksəlir və əzələlər elastik olur. Bu səbəbdən, idman və gəzinti üçün ən münasib vaxt sayılır.
Axşam saat 17-19 arasında isə insan bədənində refleks və koordinasiya güclənir. Mütəxəssislər bu saatlarda qısa idman məşqlərinin daha effektiv olacağını vurğulayır. Saat 21-dən sonra isə melatonin hormonu ifraz olunur və bədən yuxuya hazırlanır. Alimlər yuxu rejiminin pozulmaması üçün bu saatdan sonra mobil cihazlardan uzaq qalmağı məsləhət görür.
Bioloji saat qaydalarına əməl edən insanların immun sisteminin daha güclü olduğu, ürək-damar problemlərinin isə azaldığı müəyyən edilib. Həkimlər isə hər kəsi şəxsi bio saatına uyğun həyat tərzi qurmağa çağırır.