ABŞ administrasiyası Çin şirkətlərinə qarşı sanksiyaları müzakirə edir.
Ağ Ev bir sıra Çin şirkətlərini, o cümlədən aparıcı çip istehsalçılarını ixracın qara siyahısına əlavə etməyi düşünür. AzPost xəbər verir ki, Financial Times bu qərarın ABŞ rəsmiləri arasında mübahisələrə səbəb olduğunu yazır.
Bəzi administrasiya rəsmiləri sanksiyaların Çinlə uzunmüddətli ticarət sazişi üzrə danışıqları poza biləcəyindən ehtiyat edərək dərhal məhdudiyyətlərə qarşı çıxırlar. Potensial məhdudiyyətlər siyahısına Çin yarımkeçirici sənayesinin əsas oyunçuları olan ChangXin Memory Technologies (CXMT), Semiconductor Manufacturing International Corporation (SMIC)-in törəmə şirkətləri və Yangtze Memory Technologies kimi şirkətlər daxildir.
Nəşrin qeyd etdiyi kimi, yeni məhdudiyyətlər Çini hərbi məqsədlər üçün istifadə oluna biləcək qabaqcıl Amerika mikroçipləri və texnologiyalarına çıxışdan məhrum etmək məqsədi daşıyır. Lakin sərt tədbirlərin əleyhdarları xəbərdarlıq edirlər ki, bu cür addımlar onsuz da gərgin olan ikitərəfli münasibətləri çətinləşdirə bilər.
Daha əvvəl Donald Tramp Cenevrədə yüksək səviyyəli ABŞ və Çin rəsmiləri arasında tariflərə əsaslanan ticarət müharibəsini aradan qaldırmaq məqsədi ilə keçirilən danışıqların ilk günündən sonra ABŞ-Çin ticarət əlaqələrinin “ tam sıfırlanmasını ” alqışlamışdı.