Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevi öldürməklə hədələyərək ondan 16 min manat tələb edən şəxsə məhkəmə hökm çıxarıb. AzPost xəbər verir ki, hadisə ötən ilin sentyabrında baş verib.
Faktlara görə, rayon sakini, 1987-ci il təvəllüdlü Elçin Babayev baş həkimə məktub yazaraq, ona 16 min manat pul ödəmədiyi halda, ağır cəza ilə üzləşəcəyini bildirib. Məktubun içərisinə isə bir ədəd patron qoyub və bunu xəstəxananın mühafizəçisinə verərək baş həkimə çatdırılmasını istəyib.
İstintaq materiallarında qeyd olunub ki, Babayev məktubda ölümlə təhdid ifadələri yazıb və hadisə vaxtı sərxoş olduğunu bildirib. O, qardaşına pensiya təyin edilmədiyi üçün bu yola əl atdığını etiraf edib.
Zərərçəkən Elçin Əliyev isə bildirib ki, həmin şəxsin ailəsi ilə münasibətləri normal olub, qardaşının müalicəsi ilə bağlı köməklik göstərib və əlillik məsələsində də dəstək verib. Lakin hədələyici məktub alandan sonra dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Babayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin müdafiə tərəfi apellyasiya şikayəti verib və Gəncə Apellyasiya Məhkəməsi cəzanı 3 ilə endirib.
Qeyd edək ki, hadisə zamanı zərfdəki patronun döyüş qabiliyyətli olub-olmaması araşdırılıb, lakin həkim təhlükəni ciddi qəbul edərək dərhal polisə müraciət edib.
İlkin mənbə: Teleqraf