Yaponiyanın Baş naziri Sanae Takaçi rəhbərliyindəki kabinet iqtisadiyyatı dəstəkləmək və qiymət artımını məhdudlaşdırmaq məqsədilə yeni anti-krizis paketini təsdiqləyib. AzPost xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, cari maliyyə ili üçün dövlət büdcəsindən maliyyələşdirilən tədbirlərin həcmi 21,3 trilyon yen (təxminən 135 milyard ABŞ dolları) təşkil edir. Regionların və özəl sektorun payı nəzərə alındıqda, paket 42,8 trilyon yenə (təxminən 273 milyard dollar) çatır.
Paket çərçivəsində bir sıra sosial və iqtisadi dəstək tədbirləri nəzərdə tutulub:
-
Yanvar-mart aylarında ailələrin elektrik və qaz xərclərinə subsidiya, hər ay təxminən 2 min yen azalma
-
Benzin üzərində aksizlərin birinin ləğvi
-
18 yaşa qədər uşaqları olan ailələrə birdəfəlik ödəniş
-
Əhaliyə düyü və digər əsas ərzaq məhsulları üçün talonların paylanması
Bundan əlavə, paket gəmiqayırma və süni intellekt texnologiyalarına investisiyaları stimullaşdırmaq məqsədini də daşıyır.
Hökumət hesab edir ki, bu tədbirlər istehlak qiymətlərini müvəqqəti 0,7% aşağı salacaq və Yaponiya ÜDM-inin 1,4% artmasına şərait yaradacaq. Lakin bəzi iqtisadçılar paketdən yüksək miqdarda maliyyə dəstəyinin inflyasiyanı sürətləndirə biləcəyini bildirirlər.