Fransız arxeoloqu Frank Qoddio başda olmaqla arxeoloqlar qrupu Misirin İsgəndəriyyə şəhəri yaxınlığında dəniz dibində Kleopatranın gizli gəmisi ola biləcəyi ehtimal edilən qədim dəbdəbəli gəmi aşkar edib.
AzPost bildirir ki, Fox News -in xəbərinə görə, 35 metr uzunluğundakı gəminin qədim Misirdə dini mərasimlər üçün istifadə edildiyinə inanılırdı. O, kraliçanın sarayının xarabalıqları yaxınlığında tapılıb.
“Tədqiqatçılar gəminin İsida Məbədi dağıdılanda (təxminən eramızın 50-ci ili) batmış ola biləcəyinə inanırlar. İsida kultu Kleopatranın hakimiyyəti dövründə mühüm rol oynayıb, buna görə də gəmidən dini məqsədlər üçün də istifadə edildiyi ehtimal olunur” – deyə hesabatda vurğulanır.
Qoddioya görə, gəminin strukturunun böyük hissəsi qorunub saxlanılıb və göyərtədə yunan yazıları da tapılıb.
Qeyd olunur ki, tədqiqat hələ də ilkin mərhələdədir. Elm adamları hələ də gəminin çoxsaylı tədqiqatlarını aparmalı və mətnləri deşifrə etməlidirlər.