Kanadada Air Canada aviaşirkətinə məxsus reyslərdən birində uçuşdan əvvəl təhlükəli insident baş verib. AzPost xəbər verir ki, The Sun nəşrinin məlumatına görə, təyyarə havaya qalxmağa hazırlaşdığı anda yerüstü xidmət əməkdaşlarından biri hələ də yük bölməsində olub.
Bildirilir ki, hava gəmisinin yük qapıları artıq bağlanıb və ekipaj heç bir problem olmadığını düşünərək təyyarəni uçuş-enmə zolağına doğru hərəkətə gətirib. Məhz bu zaman salonun içərisində sərnişinlər qeyri-adi və təşviş doğuran səslər eşidiblər.
Səyahət bloqeri Stefani Kyur sosial şəbəkələrdə yazıb ki, təyyarə uçuş zolağına yaxınlaşarkən yük bölməsindən gələn kömək çağırışları salon boyunca əks-səda verib. Onun sözlərinə görə, yerüstü xidmət əməkdaşı yük bölməsində sıxılmış vəziyyətdə qalıb və kömək istədiyini eşitmək mümkün olub.
Hadisə barədə məlumat ekipaja çatdıqdan sonra təyyarənin hərəkəti dərhal dayandırılıb və bort yenidən dayanacaq yerinə qaytarılıb. Daha sonra əməkdaş yük bölməsindən çıxarılıb.
Məlumata görə, xoşbəxtlikdən insident ağır nəticələrlə yekunlaşmayıb və yükdaşıyan işçi heç bir xəsarət almayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparıldığı bildirilir. Air Canada tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.