Britaniyada atom elektrik stansiyasının ərazisində kral nəslinə aid qalıqlar tapıldı

Böyük Britaniyada inşa edilən yeni atom elektrik stansiyasının ərazisində erkən Orta əsrlərə aid sensasion arxeoloji tapıntı aşkarlanıb. AzPost xəbər verir ki, məlumata görə, Saffolk qraflığında yerləşən “Sayzuel Si” atom elektrik stansiyasının tikinti sahəsində aparılan hazırlıq işləri zamanı qədim dəfn yerləri üzə çıxarılıb. Bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.

Arxeoloqlar ərazidə VII əsrə aid 11 dəfn kurqanı müəyyən ediblər. Kurqanlardan birində yüksək mövqeyə malik iki şəxsin qalıqları tapılıb. Onların eyni məkanda dəfn edilməsi və məzarın xüsusi qaydada hazırlanması diqqət çəkib.

Məlumata görə, dəfn olunan şəxslər silahlarla birlikdə torpağa tapşırılıb. Bundan başqa, məzarda tam təchiz edilmiş at qalıqları da aşkar edilib ki, bu hal həmin dövrdə yalnız cəmiyyətin ən nüfuzlu təbəqəsinə məxsus şəxslər üçün xarakterik sayılırdı.

Torpaq qatının özünəməxsus xüsusiyyətləri nəticəsində insan bədənlərinin qum üzərində aydın siluetləri belə qorunub saxlanılıb. Bu nadir hal tədqiqatçılara dəfn mərasimləri və həmin dövrün inancları barədə daha dolğun məlumat əldə etməyə imkan verib.

Alimlər hesab edirlər ki, tapılan qalıqlar kral və ya knyaz nəslinə mənsub ola bilər. Dəfnin zənginliyi və müşayiət olunan atributlar bu ehtimalı daha da gücləndirir.

Layihənin rəhbəri Len Middlton bildirib ki, bu cür tapıntılar milli əhəmiyyət daşıyır. Onun sözlərinə görə, aşkar edilən məzarlar erkən Orta əsr İngiltərəsində hakimiyyət anlayışı, dini inanclar və ictimai kimlik barədə biliklərin dərinləşməsinə mühüm töhfə verir.

Qeyd edək ki, tapıntılar tikinti işləri müvəqqəti dayandırılmaqla ətraflı şəkildə tədqiq olunur və gələcəkdə nəticələrin elmi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.