Azərbaycanda təqribən 400-500 min ətrafında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda fərdi yaşayış evləri üzrə sənədsiz tikililərin sayı qeyri-yaşayış obyektlərindən ən azı 10 dəfə çoxdur.
“Bu tikililərin dəqiq statistikasını müəyyən etmək üçün genişmiqyaslı inventarlaşdırma işlərinin aparılması tələb olunur. Qeyri-yaşayış tikililəri üzrə daxil olan müraciətlərin təhlili göstərir ki, fərdi yaşayış tipli sənədsiz tikililərin sayı daha çoxdur və bu göstərici həmin obyektlərdən ən azı 10 dəfə artıq ola bilər”, – deyə o bildirib.