Şaxtalı fevralın qırmızı rəngi

“Prezident Xocalıdadır”, “Xocalıda tikinit işləri başlanıb”…Bu xəbərləri oxuduqca son 32 ildə beynimizə buz topası kimi yapışmış qəhər qarşıq çarəsizlik hissi yaz qarı kimi əriyir sanki
Xocalı bizim nəsil üçün dəhşətli travma oldu…
Mənim üçün Xocalı yaddaşımın qanla yazılmış bir hissəsidir. Hadisələrin baş verdiyi yerdən uzaqda yaşasam da, o dövrün bütün nəsli kimi, bu faciənin ömürlük daşıyıcısına çevrilmişəm.
Xocalı adına ilk dəfə orta məktəbdə oxuyanda rast gəlmişəm. “Azərbaycan tarixi” kitabında öyrəndiyimiz dərsdən biri “Xocalı-Gədəbəy mədəniyyəti” adlanırdı.
Onun yenidən, nə vaxtsa, özü də ömürlük yaddaşıma yazılacağını təsəvvür etməzidm.
1991-ci ildə AZTV-də Xocalı barədə verilən reportajı xatırlayıram.
Düşmən əhatəsində olan Xocalıya şəhər statusu verilmişdi. Kadrlarda yeni ev tikən gənc ailə, küçə ilə gedən qızlar, qayğılı ağsaqqal, milis zabiti mənə əski sovet zamanının sakit kənd həyatını xatırladırdı.
Çox illər sonra 1992-ci ilin fevralında rus jurnalisti Viktoriya İvlevanın ermənilər tərəfindən ələ keçirilmiş Xocalıda çəkdiyi fotoya baxarkən, yadıma AzTV-nin bu başıbəlalı şəhərin bir günlük dinc dövrünü əks etdirən kinokadrlar düşəcəkdi.
Rus jurnalistinin çəkdiyi fotoşəkil damarlarda qanı belə dondurardı: Palçıqlı küçə ilə şütüyən sovet “Jiquli”sinə ermənilərin qənimət kimi yüklədikləri yorğan-döşək və küçə boyunca səpələnmiş azərbaycanlıların meyitləri!
Kənddən çıxmağa macal tapmamış adamlarımız!
Qollarını açaraq arxası üstə yerə sərələnərək ölmüş bu uşaq bəlkə də bir il əvvəl kameraya əl edən həmin o uşaq imiş! Ayağı qatlanaraq yerə sərilmiş gənc qadın isə evini tikib içində bəxtvər yaşaya bilməyən qadın imiş, bəlkə…
…Erməni gülləsindən ölən nurani ağsaqqalın, süngüyə keçirilmiş körpələrin fotosu və Cingizin boğuq ağlamaq səsi 1992-ci ilin şaxtalı fevral ayının yaddaşımda ilişib qalan xatirəsi oldu.
…Yadıma uşaq vaxtı dəhşətlə baxdığım SSRİ-nin müharibəyə həsr etdiyi şedevr filmi “Get və bax” düşdü. Filmdə faşistlərin soyuqqanlı halda gülə-gülə insanları yandırma səhnəsindən qorxmuşdum. Atam mənə ürək-dirək verərək “Oğlum, bu, çoxdan olub, bunun intiqamını aldıq. Baban o faşistlərin hamısını öldürüb”, – dedi.
…Qəhrəman əsgərimiz bu qanlı cinayətin də intiqamını aldı…
Bütün Qarabağ azaddır indi.
Bu dəhşətli tarixin acı xatirəsi isə ömür boyu bizimlə yaşayacaq!
Xaqani SƏFƏROĞLU

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.