Arıqlamağa mane olan qidalanma səhvi açıqlandı

Arıqlamaq
Arıqlamaq

Bir çox insan arıqlamaq üçün qidanın miqdarını kəskin şəkildə azaldır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul əks nəticə verə və maddələr mübadiləsini ləngidə bilər. AzPost xəbər verir ki, bu barədə Eating Well saytında dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, kifayət qədər qidalanmamaq orqanizmin enerji ehtiyatını qorumaq üçün maddələr mübadiləsini yavaşlatmasına səbəb olur. Nəticədə insan arıqlamaq əvəzinə daha az enerji sərf etməyə başlayır.

Mütəxəssislərin sözlərinə görə, maddələr mübadiləsi qida vasitəsilə qəbul olunan maddələrin enerji əldə etmək üçün orqanizmdə keçdiyi proseslərin ümumi adıdır. Bədənin hər bir hüceyrəsi gündəlik fəaliyyət üçün lazım olan enerjini əldə etmək məqsədilə bu prosesdə iştirak edir. Buna görə də qəbul edilən kalori miqdarı çox az olduqda orqanizm öz fəaliyyətini qorumaq üçün enerji sərfiyyatını azaldır.

Uzun müddət az qidalanmaq müxtəlif problemlərə səbəb ola bilər. Bu vəziyyət qida maddələrinin çatışmazlığına, immun sisteminin zəifləməsinə, xroniki xəstəliklərin riskinin artmasına, stress səviyyəsinin yüksəlməsinə və enerji çatışmazlığına gətirib çıxara bilər.

Bundan əlavə, kalori qəbulunun kəskin məhdudlaşdırılması stress hormonu sayılan kortizolun səviyyəsini də artıra bilər. Bu hormonun yüksəlməsi isə orqanizmdə bir sıra funksiyaların ləngiməsinə səbəb olur.

Mütəxəssislər maddələr mübadiləsinin normal işləməsi üçün qidalanma rejiminə diqqət yetirməyi tövsiyə edirlər. Gün ərzində yeməkləri müəyyən vaxtlarda qəbul etmək və qida rasionunun balanslı olması vacib sayılır.

Hər yeməkdə zülal, karbohidrat və yağ mənbələrinin olması orqanizm üçün faydalıdır. Məsələn, balıq filesi, qəhvəyi düyü, tərəvəz və avokado kimi məhsullardan ibarət balanslı qida həm enerji səviyyəsini qorumağa, həm də lazımi qida maddələrinin qəbuluna kömək edə bilər.

Ekspertlər bildirir ki, qida qruplarından hər hansı birinin tamamilə rasiondan çıxarılması vitamin və mineral çatışmazlığı yarada bilər. Bu isə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Bundan başqa, hər yeməkdə zülal mənbəyinin olması qan şəkərinin sabit qalmasına və enerji səviyyəsinin daha uzun müddət qorunmasına kömək edir. Çünki zülalın həzm olunması digər qida maddələrinə nisbətən daha uzun vaxt tələb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.