Sosial şəbəkədə bankla bağlı növbəti şikayət diqqət çəkib. AzPost xəbər verir ki, istifadəçi Artur Fərzəliyev Unibankın kredit borcu ilə əlaqədar ona davamlı zəng etdiyini bildirib.
Onun sözlərinə görə, köhnə tanışı bankdan kredit götürərkən əlaqə nömrəsi kimi onun telefonunu təqdim edib. Lakin həmin şəxs krediti ödəmədiyi üçün bank əməkdaşları artıq 6-7 aydır ki, hər ay ona zəng edərək borcun ödənilməsi barədə məlumat çatdırmağı tələb edir.
Şikayətçi qeyd edir ki, dəfələrlə həmin şəxslə əlaqəsinin olmadığını və onunla əlaqə yaratmaq istəmədiyini bank əməkdaşlarına bildirib. Buna baxmayaraq, zənglərin davam etdiyini deyir.
“100 dəfə demişəm ki, həmin adamla əlaqəm yoxdur və əlaqə yaratmaq da istəmirəm. Yenə də zəng edib deyirlər ki, filankəsə deyin borcunu ödəsin”, – deyə o bildirib.
Artur Fərzəliyev həmçinin kredit verildiyi zaman bankın onunla əlaqə saxlamadığını, lakin sonradan borc məsələsinə görə narahat edildiyini vurğulayıb.
Onun sözlərinə görə, davamlı zənglər artıq bankla bağlı mənfi münasibət formalaşdırıb.
Məsələ ilə bağlı Unibank tərəfindən rəsmi açıqlama verilməyib.