Rumıniyanın “Digi24” televiziya kanalı tərəfindən yayımlanan təhlildə ölkə əhalisinin Avropa İttifaqına (Aİ) münasibətilə bağlı keçirilmiş son sorğunun nəticələri şərh olunub. Məqalədə qeyd edilir ki, rumınların böyük əksəriyyəti Avropa İttifaqında qalmağın tərəfdarıdır və mümkün referendum keçiriləcəyi halda ölkənin Aİ-dən çıxışını dəstəkləmir.
Nəşrin yazdığına görə, sorğu Rumıniyanın İctimai Rəyin Qiymətləndirilməsi İnstitutu – IRES tərəfindən aparılıb. Tədqiqat 18 yaşdan yuxarı 1205 respondent arasında telefon müsahibəsi üsulu ilə həyata keçirilib. Sorğunun xəta payının ±2,88 faiz olduğu bildirilib. Araşdırmanın nəticələrinə əsasən, respondentlərin 67 faizi Avropa İttifaqına müsbət münasibət bəsləyir, 66 faiz isə ehtimal olunan referendumda Rumıniyanın Aİ-də qalmasına səs verəcəyini bildirib. Bununla yanaşı, sorğuda iştirak edənlərin bir hissəsi qiymət artımı, gənclərin miqrasiyası və iqtisadi çətinliklərlə bağlı narahatlıqlarını da ifadə edib.
Təhlilə görə, son illərdə Avropada avroskeptik qüvvələrin güclənməsinə baxmayaraq, Rumıniya cəmiyyətində Avropa İttifaqına bağlılıq yüksək olaraq qalır. Ekspertlərin fikrincə, Ukrayna müharibəsi, regional təhlükəsizlik riskləri və Avropa fondlarının iqtisadiyyata təsiri rumınların Aİ-yə münasibətində mühüm rol oynayır.
Məqalədə vurğulanır ki, Rumıniyada “Roexit” ideyası müəyyən siyasi dairələr tərəfindən gündəmə gətirilsə də, bu təşəbbüs hazırda geniş ictimai dəstək qazanmır və ölkənin strateji kursu Avro-Atlantik inteqrasiya xətti üzərində qalmağa davam edir.