Şahlar Əsgərov: ““Sui-qəsd nəzəriyyəsi” şagirddə məktəbə qarşı nifrət formalaşdırır”
“Sinqapurda ağıllı çip-mikrosxemlərin istehsalı Rusiyadan çoxdur
Daim yenilənməyə tendensiyalı, bəlkə də elə bu və ya digər səbəblərdən təkamülü mütləq şəkildə tamamilə zirvəyə – kulminasiya nöqtəsinə çatmayan təhsilin problemlərini çözmək məqsədilə fizika elmləri doktoru, professor, Əməkdar elm xadimi, sabiq millət vəkili və 2000-2005-ci illərdə Milli Məclisin Elm və Təhsil Məsələləri daimi komissiyasının sədri olmuş Şahlar Əsgərovla görüşdük.
Təhsil eksperti, uzaq və yaxın illərin təcrübəsini müqayisəli şəkildə zaman-zaman gündəmə gətirən professor, az qala hər gün rastlaşdığımız təhsil problemləri – “təhsildə yeni tendensiyalar, ölkədə təhsilin mövcud vəziyyəti, əsas problemləri, inkişaf perspektivləri” istiqamətli söhbətimizə adıçəkilən sahənin ayrı-ayrı parametrlərinə zamanlar müstəvisindən ekskurs etməklə körpü saldı:
“Təhsil düzəlməməyinin sirrini bizə açmır”
- Təhsilin məzmununda da böyük problemlər var, nəticələrinin qiymətləndirilməsində də. Bəs bu əvəzsiz sahə necə idarə olunmalıdır? SSRİ dönəmində təhsil kollegial şəkildə idarə olunurdu. Kollegiyanın başında təhsil naziri dururdu, sonra müavinlər, rektorlar, digər tanınmış təhsil rəhbərləri də kollegiyanın üzvü olurdu. Qərarlar da qızğın müzakirələrdən sonra kollegial şəkildə qəbul olunuru və icraya yönəldilirdi. Bu kollegiallıq təhsilin irəliyə getməsinə səbəb olurdu. İndi isə təhsilin idarəedilməsi “tək əl” prinsipinə əsaslanır. Yəni, zavodlar, hərbi hissələrsayağı bir adamın idarəçiliyi ilə həll olunur təhsilin idarəçiliyi. Lakin təhsil o qədər mürəkkəb sahədir ki, bir adam onun bütün sahələrini əhatə edə bilməz. Təhsilin üç sahəsinin üçündə də problemlər var.
“Səhiyyə sahəsində 100-dən çox Nobel alınıb, təhsildə heç bir nəfər də almayıb”
– Şahlar müəllim, üç sahə deyəndə nələri nəzərdə tutursunuz? Onları ictimaiyyətə açıqlamağınızı istərdik…
– Bunlar təhsilin məzmunu, yəni menecmentlik, təhsilin idarəçiliyi və yekun qiymətləndirmə, başqa sözlə, onun “hansı tərəzi” ilə ölçülməli olduğunu bilindirən nəticədir. Onu deyim ki, bizim təhsildə vəziyyət sevindirici deyil. İndiyədək sovet dönəmindəki prinsiplərə güvənib təhsilimizi idarə etmişik. Belə ki, dediyim kimi, təhsildə “kollegial”, “tək əl”, eləcə də “qadın nazir”, “kişi nazir” prinsiplərindən, bəzən bir nazirlik, bəzən iki nazirlik prinsiplərindən istifadə olunub. Bəzən hətta təhsil dörd nazirlik arasında bölünərək idarə olunub. Məsələn, Ali və Orta İxtisas nazirliyi, Maarif nazirliyi və sairə adlarla mövcud olub. Amma gördüyünüz kimi, bu qədər eksperimentlərin aparılmasına rəğmən təhsil sona qədər düzəlmir və bu düzəlməməyin sirrini də bizə açmır. Bilirsiniz ki, təhsil də, səhiyyə də sosial sahələrdir. Bunları müqayisə etsək, təhsilə səhiyyədən 2-3 qat artıq maliyyə vəsaiti ayrılır dövlət büdcəsindən. Bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Lakin çox bir fərqə, bir fakta fikir verin: Səhiyyə sahəsində 100-dən çox mütəxəssisə Nobel mükafatı verilib, təhsil sahəsində bu mükafatı hələ bir nəfər də ala bilməyib…
– Yəni, belə çıxır ki, təhsil sahəsində o sonuca, mütləqə nail olmaq mümkünsüzdü…
– Bəli. Tamamilə haqlısınız.
– Şahlar müəllim, bəs bu qüsurları aradan qaldırmaq üçün indiyədək hansısa yollar aranıbmı?
– Şübhəsiz ki, yollar aranıb. Elə indi də axtarışlar dayanmayıb. O qüsurları aradan qaldırmaq üçün məktəblər bir neçə dəfə müxtəlif təsnifatlara bölünüblər. Məsələn, ibtidai təhsil, ümumi təhsil, orta təhsil və sairə. Hər birinə də bir rəhbər təyin olunur və elə o bir adamın sözü ilə də məktəblərimiz idarə olunur. Bu faktı həm düzgün saymaq, həm də mübahisələndirmək olar. Problemin ən böyüyü isə təhsilin məzmunundadır: Kitablar necə olmalıdır? Kitablar təhsildəki boşluqları necə doldurmalıdır?
– Kitab, dərslik, əyani vəsait məsələləri qənaətbəxş deyil?
– Mən hesab edirəm ki, yox. Sizin bu sualınıza belə bir replika ilə cavab verim. 5-10 il bundan əvvəl süni intellekt yox idi? Əlbəttə ki, var idi. Amma onun təbliğatı bugünki səviyyədə getmirdi. Bu kəsilməz dinamika yox idi ki, qonşuda süni intellekt varsa, gecikmədən birini də biz açaq deyə.
– Yəni, belə başa düşürəm ki, təhsil “bəhsəbəhslik”, “qonşudan qalma geri” kimi rəqabət xarakterli yanaşmalarla bir araya sığmır…
– Əlbəttə. Təhsil mürəkkəb sahədi. Düzdü, indi təhsildə orta məktəb üzrə, ali məktəb üzrə, texniki peşə məktəbi üzrə, uşaq bağçaları üzrə və s. müəyyən agentliklər yaradılıb ki, bu dəfə də bu yolla təhsilin inkişafına dəstək olmaq istəyirlər. Amma bu agentliklərin rəhbərləri üzərinə götürdükləri işin öhdəsindən gələ biləcəklərmi?! Bax, bu da hazırda sual doğuran məsələlərdəndir. Bu prinsip özünü doğrulda, uğur gətirə də bilər, gətirməyə də.
– Onda belə çıxır ki, idarəçilik prosesinin necə getdiyi hələ tam dəqiq, bəlli deyil…
– Bəli. Problemlərdən biri də kişi müəllimlərin məktəbdə faiz göstəricisinin çox aşağı olmasıdır. Onların məktəblərə qaytarılması üzərində düşünülməlidir. Hazırda şagirdlərimiz orta məktəbdə əsasən qadın müəllimlərin tərbiyəsi altındadır. Bunun qüsurlu cəhəti odur ki, qadın tərbiyəsi altında olan oğlanların qəhrəmanlıq potensialı ölür. Digər ən vacib məsələ, güman edirəm ki, məktəbin demokratikləşməsi, demokratik proseslərin məktəbə gəlməsinə diqqət yetirilməsidir. Məktəbdə layiqli müəllim varsa, elə o da direktor qoyulmalıdır. Direktoru başqa yerdən gətirməyə meyl göstərilməməlidir. Çünki başqa yerdən gələn direktor öyrənənə qədər vaxt itkisi gedir. Mənim layiqli sözümü istəyirəm düzgün başa düşsünlər. Layiqli deyəndə, ümumi mənafeyi şəxsi mənafedən üstün tutmağı və direktorluq üçün vacib olan digər keyfiyyətləri nəzərdə tuturam. Yəni dövlətin, xalqın, cəmiyyətin mənafeyini öz şəxsi mənafeyindən üstün tutan adamları direktor qoymaq lazımdır. Bu ən vacib məsələdir. Digər dünya dövlətləri, xalqları da təhsil idarəçiliyini bu istiqamətdə qururlar. Direktorun kim olmasının təhsilin inkişafında çox böyük önəmi var.
– Professor, bəs nəticə haqqında nə deyə bilərik? Yəqin nəticə də buna münasibdir…
– Doğrudur. Şübhəsiz.
“Texnologiyanın özəlliklərin bilmədən onun haqqında danışırıq”
– Özünüz toxunduğunuz süni intellekt və rəqəmsal texnologiya məsələsinə münasibət bildirməyinizi istəyirəm…
– Süni intellekt yeni-yeni daxil olur bizim həyatımıza. Mənim bir-iki məqaləm var ki, əgər onların haqqında süni intellektə “Şahlar Əsgərovun bu məqalələri harda istifadə olunur” sualı ilə müraciət etsəniz, cavab alacaqsıınız ki, “elə bizim bu “süni intellekt nəzəriyyəsi”nin qurulmasında”. Ona görə mən bu barədə kifayət qədər məlumatlıyam. Amma görürəm ki, dünyanın qanunauyğunluqlarının axarın başqa istiqamətlərə, süni intellekt, müasir İKT dövründə yaşamağımıza baxmayaraq hətta geriyə aparmaq, zamanın təkərini geriyə fırlatmaq istəyənlər var. Təəssüf ki, innovasiyaların geniş tətbiq olunduğu XXI əsrdə belə istəklər baş qaldırır. Təhsilin, maarifçiliyin missiyası insanları irəliyə, inkişafa aparmaqdır. Biz sadə insanları, müəllimləri, digər təhsil işçilərini geriyə qalmaqda, təhsilin öhdəsindən tam gələ bilməməkdə qınayırıq. Bəs dünyanı idarə etmək iqtidarında olan böyük güclər? Fikir verin, ABŞ prezidenti Donad Trampın əvvəlki dörd, indiki bir illik fəaliyyəti ancaq güc, zor prinsiplərinə əsaslanır. Bu, əslində bəşəriyyətin çarxın geriyə fırlatmaq deməkdir. Çünki bəşəriyyət zora qalib gələ-gələ indiki duruma sahiblənib. Trampsa diqtə edir ki, ona qanunun aliliyi yox, zor lazımdır. Trampın istəklərindən belə çıxır ki, gücü çox olan dövlətlər kiçik dövlətləri özünə tabe etməlidirlər. Lakin bəşəriyyətin inkişaf perspektivləri bu istiqamətdə deyildi. Əslində, dövlətlər bir-biri ilə beynəlxalq münasibətlər kontekstində əlaqə qurmalıdır. Bax elə bizim ölkəmiz, dövlət başçımız qonşu İranla, Gürcüstanla, Ermənistanla və başqa dövlətlərlə münasibətlərimizi zorakılıq üstündə deyil, hüquqi tənzimləmələr üzərində qurmağa üstünlük verir. Amma zor prinsipləri ilə yanaşsaq, onda biz gərək təbiət qanunlarına qayıdaq, pələngdən, şirdən qorxaq. Amma əlimizdəki silah bizi qorxmağa qoymur. Silah nədir? Əlbəttə ki, texnologiya. Ona görə insan təbiətdə mütləq gücə sahibdir. Çünki əlində texnologiya var. Bəs texnologiyanı yaradan nədir? Texnologiyanı yaradansa birmənalı olaraq təhsildir. Bəs texnologiya nədir? Mənim – Şahlar Əsgərovun hazırladığı bir tərif var: texnologiya – təbiət qanunlarından istifadə etməklə süni obyektlərin hazırlanmasıdır. Sizə adicə bir misal çəkim: tutaq ki, əlimizdə hər gün məişətimizdə, mətbəximizdə istifadə olunan düyü də var, su da var, bunlar təbiətin yaratdığı məhsullardır. Amma onlardan hazırlanan, bişirilən plov artıq texnoloji məhsuldur.
– Professor, deməli, texnologiya texniki əlamətlərdən çox prosesin özüdü…
– Əlbəttə. Bax fikir verin, Lənkəranda və ya digər yerlərdə yetişdirilib becərilən çay kolları və bulaq suyu. Bunlar da ayrı-ayrılıqda içməli çay deyil. İkisi bir yerdə texnoloji dediyimiz o proseslərdən keçəndə dönür olur içdiyimiz dadlı çay. O qaynama, dəmlənmə artıq texnoloji prosesdir. Biz isə texnologiyanın özəlliklərin bilmədən onun haqqında danışırıq. İndi də bu qəbildən süni intellekt məsələsi gəlib dövrümüzə çıxıb. Gözləyək görək bunun axırı necə olacaq…
“Li Kuan Yu müəllimi təkmilləşdirdi, ingilis dilini tədris dilinə çevirdi”
– Şahlar müəllim, ənənəvi müəllim hazırlığı haqqında bilgiliyik. Bəs müasir müəllim hazırlığı hansı prinsiplərlə fərqlənməlidir?
– Bu sualın cavabında sizə bir misal çəkim. Sinqapurda Li Kuan Yu adlı iqtisadi möcüzə yaratmış məşhur baş nazir hakimiyyətə gələndə bu ölkə 3-cü dərəcəli, inkişaf etməyən dünya ölkəsi idi. O, bu ölkəni möcüzəvi bir sıçrayışla birbaşa 2-ci dərəcəni hiss etmədən 1-ci dərəcəli ölkəyə çevirdi. Sual olunur: o baş nazir neylədi ki, Sinqapur belə sürətlə inkişaf etdi? Li Kuan Yu ilk növbədə imtahanda lazımi cavab verməyən müəllimləri işdən qovmamaq qərarını təsdiqlədi. Əksinə, onların daha da təkmilləşdirilməsi üçün onlara altı aylıq, bir illik təkmilləşdirmə kurslarında oxumaq şəraiti yaratdı. Əlbəttə bu məntiqlə ki, ən azı evində bir kitab rəfi, başında azca da olsa universitet təhsili olan, bu dərəcəyə gəlib-çatmasına müəyyən qədər vəsaitlər məsrəf olunmuş müəllimi niyə işdən qovmalıyıq?! Göndərək, mükəmməlləşsin, təkmilləşsin, oxusun və öz üzərində işləsin, qayıdıb işinin başına gəlsin. İkincisi, Sinqapur ana dilini öyrətməklə paralel olaraq tədris dili kimi ingilis dilini seçdi. Onu da bu minvalla ki, ingilis dilini bilən şagird və yeniyetmələr dünyada gedən prosesləri daha dərindən başa düşəcək və özləri də bu dalğada mütləq inkişaf edəcəklər. Görün nəticələr nələrə gətirib çıxartdı. Bir faktı deyim. İndi balaca Sinqapurun istehsal etdiyi ağıllı məhsul – ona çip deyirlər, yəni mikrosxemlər bütün Rusiyadakından çoxdur. Baxmayaraq ki, Rusiya Moskva yaxınlığında Zelenoqrad adlı bir şəhər salıb. Bu şəhərdə yerləşən altı institut yalnız həmin çip-mikrosxem istehsalı ilə məşğuldur. Mən Zelenoqraddakı o institutların iki aspirantının elmi işinə rəhbərlik etdiyimə görə bunu dəqiq bilirəm. Amma hazırda bu boyda qüvvə ilə onlar Sinqapur kimi kiçik ölkənin istehsalının qabağında acizdirlər. Hətta bəzi məlumatlara görə, özlərinin istehsalı olan paltaryuyan maşın və digər avadanlıqların daha keyfiyyətli alınması üçün Sinqapur çiplərindən istifadə edirlər.
Baxın, bizdə də rus dilində, ingilis dilində məktəblər var. Düzdür, Konstitusiyamıza görə ən azı ibtidai təhsil mütləq ana dilində olmalıdır. Ölkəmizdə yaşayan başqa millətlərdən olan vətəndaşlar da Azərbaycan dilini öyrənməli, sonra isə ingilis, rus dillərində təhsillərini davam etdirməkdə sərbəst olmalıdırlar ki, biz də belə nailiyyətlərə yiyələnək. Ona görə mən bir o qədər də bədbin deyiləm. Yəqin bizdə də zamanla belə ağıllı mütəxəssislər yetişəcək.
Tənqidi düşüncə – 6Ç fəlsəfi yanaşmasının vacibliyi
– Aydındır. Şahlar müəllim, bəs şagirdlərin tənqidi düşünmə bacarıqları necə inkişaf etdirilməlidir?
– Təhsilə ingilis dilində “kritik sikl” deyilən, bir təhsil nəhənginin izahı ilə XXI əsr bacarıqlarını inkişaf etdirməyi hədəfləyən, şagirdlərin hərtərəfli və müasir standartlara uyğun yetişməsi üçün əsas götürülən altı təməl keyfiyyətini göstərən 6Ç fəlsəfi yanaşması var. Bu 6Ç prinsipini şagirdlərə mütləq öyrətməliyik. Birincisi, xarakterdir. Fikir verin, Azərbaycan cəmiyyətinin böyük əksəriyyətində xarakteri olan fərdə rast gəlmirsən. Xarakteri olan budur ki, haram yeməsin, rüşvət almasın, korrupsiyaya meyllənməsin. Hətta mən sizə deyim ki, bu məsələni Türkiyənin keçmiş təhsil naziri Ziya Səlcuq da qaldırmışdı ki, biz xarakter yetişdirmirik, mum kimi əyilən, əzilən insanlar yetişdiririk. Xarakter deyəndə məsələn, bizim məşhur “Axırıncı aşırım” filmindəki Kərbəlayi İsmayıl obrazı, Qəmlo obrazı kimi insanlar başa düşülməlidir. Bunları yaratmaq üçün şagirdlərimizə mütləq tənqidi düşüncəni öyrətməliyik. Tənqidi düşüncə, bax elə mən özümdən danışım, mənim ən zəif cəhətim “kommunikeyşn”, yəni əlaqələr qurmaqda çətinlik çəkməkdir. Bax, o altı cəhətdən biri “kommunikeyşn”dir, yəni əlaqə yaratmaq bacarığı. Hazırda səhhətimlə, yaşımla əlaqədar evdə çox otururam və televizorda filmləri, verilişləri izləyirəm. İndi Türkiyədən “Mənim adım Mələkdir” adlı bir filmə baxıram. Orda insanı üzünə təhqir edirlər, ona “axmaq” deyirlər, o isə dözümlü yanaşır. Bizdə inanmıram ki, belə bir insan tapılmış olsun. Biz o saat cırnayarıq ki, sənin özünsən, atandı-filan. Amma bu filmdə insan dözüm nümayiş etdirir ki, qarşısındakı həm özü utansın hərəkətindən, danışığından, həm də o özü əlaqəsini itirməsin o insanla…
6Ç-dən biri də “citizen”, yəni vətəndaş olmaq deməkdir. Bu, çox geniş mövzudur. Digər bir amilə diqqət edək. Məsələn, xarici məhsulların, tutalım içkilərin reklamı sutka boyu efirlərimizdən düşmür, amma yerli məhsullarımızın, öz sularımızın reklamına bir o qədər də yer verilmir. Bilirsiniz, bunun əsl səbəbi nədir? Səbəbi bizə tənqidi düşüncənin öyrədilməməsidir. Yaxud, başqa bir missal: bayram günlərində bütün telekanallar məsələn, el arasında Məşədi İbadın kinosu kimi tanıdığımız “O olmasın, bu olsun” ekran əsərini nümayiş etdirirlər. Bilirsiniz niyə? Çünki onu əvəz edə biləcək yenisi yoxdu. Yenisi niyə yoxdu? Çünki tənqidi düşüncə yoxdur. Tənqidi düşüncə olsa deyərlər yox, bunlar öz yerində, amma imkan verək yeni düşüncə də yaransın və meydana girsin…
– Professor, bu əsnada şagirdi yetişdirəndə yəqin ki, onda “özünütənqidi” də tərbiyə etmək lazımdır. Əslində heç kim özünü tənqid etmək istəmir və ya bundan xoşlanmır. Amma uşaqlıqdan və orta məktəbdən ona təlqin olunsa ki, bu hal sənin özünün xeyrinədir, bir insan kimi, bir vətəndaş kimi mükəmməl yetişməyinin xeyrinədir, bu sənin həyatında inkişafın stimullarındandır, onda heç kəs özünütənqidə qarşı çıxmaz, ona ögey münasibət bəsləməz…
– Əlbəttə. Ona görə də tənqidi düşüncə təhsilin özəyində mütləq şəkildə özünə yer eləməlidir. Hər şeyə yalnız müqəddəs baxmaqla heç nəyə nail olmaq mümkün deyil. Müqəddəs torpaqdı. Ona birmənalı belə baxmaq olar. Amma onun qoynunda ağac da əkilməlidir, becərilməlidir, evlər də tikilməlidir və s.
– Müasir dövrdə qiymətləndirmə necə aparılır və necə aparılmalıdır?
– Bu çox incə məsələdir. Sovet dövründə qiymətləndirmə bütün şəxsi keyfiyyətləri bir kənara qoymaqla 1, 2, 3, 4, 5 kimi qəbul olunurdu. Amma indiki dövrdə qiymət biliyin deyil, münasibətin göstəricisi kimi ortaya çıxır. Yəni ya qonşumun uşağıdı, ya müdirimin oğludu, ya pul verib deyə buna yüksək qiymət yazıram. Əslində qiymət biliyin göstəricisi olmalıdır. Bir dəfə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutuna getmişdim rəhmətlik təhsil eksperti Əjdər Ağayevlə. Yadımdadır, orada müxtəlif statuslu 300-ə qədər təhsil ocağı direktorunun iştirak etdiyi zala müraciət elədim ki, kim qiymətləndirmənin tərifin deyə bilər? Heç kəs dillənmədi. Mən qiymətə tərif verdim: Qiymət bildiyimizin bilməli olduğumuza faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. 100 faiz qiymət göstəricisi 5, 80 faiz qiymət göstəricisi 4, 60 faiz qiymət göstəricisi 3-dür. Zalda Heydər Hüseynov adlı texnikum direktoru var idi. O, etiraf edib dedi ki, 20 ildir direktor işləyir, amma indiyədək qiymətin tərifin bilmirmiş… Bax, qiymətləndirmə budur. Qiymətləndirməni aparmaq üçün mütləq meyarın olmalıdır. İndi qiymətləndirmə yeni meyarlar kəsb etdiyinə görə hazırda onu yeni təriflə belə ifadə edirəm: Qiymətləndirmə bildiyimizin bilmədiyimizə olan nisbəti meyar olaraq istifadə olunmasıdır. Belə olanda qiymət korrektləşir, gözəlləşir.
– Şahlar müəllim, elə Sovet dövründə də var idi də qiymətləndirmədə “münasibət” məsələləri…
– Var idi. Bunlar Stalinin ölümündən sonra ayaq açdı təhsil ocaqlarına. Sonra Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev Azərbaycanda onun qarşısını almaq üçün xeyli mübarizə apardı. O zaman belə bir şüar da dəb düşdü: Qoy ədalət zəfər çalsın! Bu barədə “Literaturnaya qazeta”da da məqalə dərc olunmuşdu.
Repetitorluq təhsilə arxadan vurulan bıçaq zərbəsidir
– Repetitorluğun geniş yayılmasının səbəbləri nədir, sizcə?
– Əvvəla onu birbaşa deyim ki, repetitorluq təhsil sisteminə arxadan vurulan bıçaq zərbəsidir.
– Niyə?
– Çünki repetitorluq təhsildə özbaşınalıq yaradır. Yuxarı siniflər boş qalır. Vətəndaş hazırlamağa da mane olur repetitorluq. Bu barədə “Azərbaycan müəllimi” qəzetində, başqa media qurumlarında ətraflı yazmışam, danışmışam. Repetitorluq həmçinin geniş bazalı, əhatəli biliyə malik ölkə vətəndaşları yetişdirməyə də mane olur. Ona riyaziyyat lazımdısa ancaq riyaziyyatçı, coğrafiya lazımdısa ancaq coğrafiyaçı yetişdirir. Repetitorluq dövlət təhsil sisteminin qüsurları üzərində göyərir və biz onu aradan qaldırmaq istəyiriksə bu qüsurları islah etməliyik. Onu da deyim ki, repetitorluq dövlətin təhsil siyasətini tam aparmağa imkan vermir. Repetitorluğun olması təhsilə münasibətə mənfi təsir göstərir, tədris müəssisələrində, təhsili idarə edən bəzi dövlət qurumlarında təhsilin keyfiyyəti üçün məsuliyyət hissini azaldır, “əşi birtəhər oxusunlar, onsuz da repetitor yanına gedib öyrənəcəklər” qənaəti formalaşdırır. Müvafiq qanunvericilikdə olan bəzi boşluqlar da repetitorluğun rəvac tapmasına səbəb olur. Əgər biz bundan imtina etmək istəyiriksə təhsil sahəsi üçün lazımi qanunlar qəbul edilməlidir. Təhsil sistemimizin məqsədi isə uşaqlarımıza, gənclərimizə elə bir savad və bacarıqlar verməkdir ki, onlar gələcəkdə iştirakçısı olduqları proseslərdən, düşdükləri situasiyalardan çıxmaq üçün düzgün qərarlar qəbul edə bilsinlər. Bunun üçün şagird məktəbdə öyrədilən bütün fənləri heç olmasa, minimum tələblər səviyyəsində bilməlidir. Əgər şagird bu fənlərin, deyək ki, 15-dən 10-nu kənara qoyub ancaq 5-ni öyrənsə, onda gələcəkdə əsl vətəndaş kimi formalaşa, millətə yaxşı övlad ola bilməyəcək.
“Kolleclərə və peşə məktəblərinə ehtiyac var”
– Şahlar müəllim, peşə təhsili və kolleclərin gələcəyini necə görürsünüz? Artıq Nazirlər Kabinetinin bəzi ixtisaslar üzrə plan yerlərini nəzərdə tutmaması, ixtisarlar olacağı kimi məsələlər gündəmdədi. Ümumiyyətlə, bir eksperti kimi necə bilirsiz, kolleclərə, peşə məktəblərinə ehtiyac varmı?
– Var. Məsələn, atasız, yaxud ümumiyyətlə aztəminatlı ailənin uşağı gedib məcburən altı il universitetdə oxumaqdansa, IX və ya XI sinifdən bu təhsil ocaqlarına üz tutub ailəyə çox da maddi problemlər yaşatmadan hansısa ixtisasa, peşəyə sahiblənə bilir adını çəkdiyiniz təhsil ocaqları sayəsində. Kolleclərdə xaricdə elmi-tədqiqat işləri aparılır. Çünki kolleclərin spesifik tədqiqat obyektləri var. Lap elə tutalım, ən bəsit formada yanaşsaq toy, nişan, yas mərasimləri, xalqın digər adət-ənələri. Üstəlik bu təhsil ocaqlarında çalışan çoxlu sayda insanlar da var. Onlar da öz iş yerlərini itirmiş olarlar. Mənim bir tələbəm var. Almaniyada kollecdə dərs deyir. Çox normal işdi deyir kollecdə pedaqoji fəaliyyət göstərmək. Bəlkə biz də məhv etməkdənsə kolleclərimizi o səviyyəyə çatdırmaq üstündə baş sındıraq?
– Avropa ölkələrində kolleclərin statusu deyəsən hətta bizim bəzi universitetlərdən də böyükdür?
– Yox, böyük deyil. Amma universitetin ikiillik proqramını əhatə edəcək dərəcədə statusları var o kolleclərin.
– Şahlar müəllim, elə bir qədər bu sualdan da doğan nəticə kimi yəqin deyə bilərik ki, universitet məzunlarının əmək bazarına uyğunlaşdırılması da qaneedici deyil hələ ki…
– Mən bu mənada çox da bədbin deyiləm. Ölkəmizdə bazar iqtisadiyyatı oturuşduqca, sağlam rəqabət prinsipləri genişləndikcə iş yerləri kəskin şəkildə artacaq və bu problem universitetlərlə birgə əməkdaşlıq çərçivəsində öz həllini tapacaq.
“Qorxmayanda oxumayacaq, oxumayanda kejfiyyət aşağı düşəcək…”
– Hazırda orta məktəblərdə yaranan problemlərdən biri də inklüziv təhsillə əlaqədardır. İnklüziv təhsilin inkişafı üçün hansı addımlar atılmalıdır, sizcə? Xəstə, yaxud əsəblərini cilovlaya bilməyən uşağın ümumi sinifdə dərsə cəlb edilməsi nə qədər məqsədəuyğundur? Nəticədə o, bütün dərsi pozur, bir nəfərə görə 20-30 şagird dərsdən yayınmış olur…
– Bunu ölkələrdə dəbə çevirən böyük dövlətlər heç də kiçik dövlətlərin inkişafını düşünmür və istəmirlər. Düşünürəm ki, bunu qəsdən edirlər. Mən bunun qəti əleyhinəyəm. Bu, dərs prosesini pozmaqdan başqa heç nəyə xidmət eləmir. Bu tipli işlərə “sui-qəsd nəzəriyyəsi” deyirlər. Bunlardan biri də ibtidai sinif şagirdlərinin dərs çantasının ağırlığı söhbətidi ki, tez-tez efirlərdə, mətbuatda gündəmə gətirilir. Bütün valideynlər də narazıdır bundan. Amma problem həll olunmur. Bilirsiniz niyə? Bax, həmin elə o “sui-qəsd nəzəriyyəsi” uşaqda məktəbə qarşı psixoloji baxımdan nifrət formalaşdırmaq məqsədi daşıyır. İstəyirlər ki, 6, 7, 8 yaşlı uşağın məktəbdən zəhləsi getsin.
– Şahlar müəllim, bu əsnada sizin özünüzün bir tədbirdə səsləndirdiyiniz fikri xatırlayıram. Demişdiniz ki, “insan elə bir sevimli peşə və iş yeri seçməlidir ki, evinə də, iş yerinə də eyni ahənglə sevinə-sevinə getsin”. Bu anlamda yanaşsaq, uşaq da məktəbə yəqin ki, sevinə-sevinə getməlidir…
– Bəli, tamamilə həqiqətdir. Onu da deyim ki, hələ indiyədək danlanmaqla, qorxuzub oxutmaqla, hətta məcbur olanda bir balaca tənbeh etməklə bir uşaq da xəsarət almamışdı müəllim tərəfindən. Psixologiya elmi də deyir ki, insanı fəallaşdırmaqdan ötrü qorxu faktoru vacibdir. Lap bəsit bir misalla yanaşsaq bu məsələyə, uşaq qorxmalıdır ki, gedib örüşdən heyvanımızı, yəni evimizin çörəyin gətirməsəm, atam məni danlaya, hətta əsəbiləşib vura bilər. Azərbaycanın harasında görünmüşdü ki, müəllim uşağı döysün! Əlimizə çubuqla yüngülcə vurardılar ki, artıq hərəkətlər etməyək, dərslərimizi hazırlayaq və sairə. Amma məktəblərdə bu qorxunu götürməklə uşağın müəllimi saymaması, nəticədə isə dərsə qulaq asmaması, dərsə gəlməməsi, dərsdə sakit oturmaması, dərsi pozması halları meydana çıxdı. Bu da təbii prosesdi. Qorxmayanda oxumayacaq, oxumayanda kejfiyyət aşağı düşəcək…
– Bəs siz belə qərarların qəbul olunduğu müzakirələrdə iştirak etməmisiz? Əks təkliflərlə çıxış etməmisiz?
– Yox, bunlar bizdən sonra qəbul olunmuş qərarlardı. Yeri gəlmişkən onu da deyim, 2000-ci ildə mən millət vəkili olanda Milli Məclisin elm və təhsil komissiyasına sizin də toxunduğumuz inklüziv təhsillə bağlı danışdığımız məsələləri tənzimləyəcək qanun layihəsi daxil oldu. Komissiyanın sədri mən olsam da, o zaman Zaqataladan deputat seçilmiş həmkarım, komissiya üzvü Hacıməmməd Ramazanova dedim ki, bu qanunu mən təqdim etməyəcəm, yaxşı olar ki, siz təqdim edəsiz, mən əlaçı tələbələr haqqında qanunu təqdim edərəm…
“Universitetlər giriş qapıların geniş açmalı, çıxış qapıların daraltmalıdırlar”
– Şahlar müəllim, bir məsələni də soruşum: region məktəbləri ilə paytaxt məktəbləri arasında fərqi azaltmaq üçün nə etmək lazımdır?
– Bu sualınıza konkret fakta əsaslanan lakonik bir cavabım var. 2016-cı ildə ABŞ-da “İlin müəllimi” nominasiyası üzrə 50 müəllim arasından qalib gəlmiş bir müəllimə o vaxtkı prezident Barak Obama ilə görüş hüququ qazanmışdı. O, prezidentə dedi ki, mənim sizdən yeganə xahişim təhsili coğrafiyadan asılılıqdan xilas etməyiniz olacaq.
– Bəs müasir dövrdə qaçılmaz olan sosial şəbəkələr və telefon aludəçiliyinin təhsilin keyfiyyətinə mənfi təsir etdiyi müxtəlif səviyyələrdə tez-tez vurğulanır. Sizcə, problemin həlli onların qarşısının alınmasındadırmı?
– Bunun üçün əvvəlcə müvafiq vəziyyətin inkişaf etmiş ölkələrdə necə olduğunu öyrənmək və onlardakı vəziyyətə bizim də uyğunlaşmağımızı təmin etmək lazımdır. Problemin qarşısında qaçmaqla onu həll edə biləcəyimizə yalandan özümüzü inandırmaqla yox…
– Sizin fikrinizcə, imtahan sistemimiz şagirdlərin real bilik və bacarıqlarını ölçürmü?
– Bir var universitetlərə qəbul imtahanı, bir də var kursdan-kursa keçmək və ya semester imtahanları. Mən hesab edirəm ki, qəbul imtahanları Azərbaycanda təhsilin boynunda ağır bir yükdür. Qəbul imtahanlarının necə yaranmasına diqqət etsəniz, aydınlaşar ki, onun təşəkkül tapdığı SSRİ dönəmində gənclərin üçdə biri ali məktəblərdə təhsil alırdı. Hökumət də Təhsil nazirliyinə həmin üçdə bir üçün maliyyə vəsaiti ayırırdı. Təhsili bitirdikdən sonra isə o qədər məzunu təyinatlarla iş yerlərinə göndərirdi. İndi bunların heç biri, o cümlədən təyinat da yoxdu, iş yeri də yoxdu, onda bəs bu imtahan nədən ötrüdü? İmtahan ona görə idi ki, dövlət müvafiq plan əsasında xərcləri qarşılayırdı, tələbələri yataqxana ilə, təqaüdlə təmin edirdi, nəqliyyatda, tələbə bufetlərində, yeməkxanalarında bir sıra başqa imtiyazlar verirdi. İndi bunların heç biri yoxdursa, bu imtahanlara nə ehtiyac var? Mənim bir sözüm gəlib burda yerinə düşür ki, “Universitetlər giriş qapıların geniş açmalı, çıxış qapıların daraltmalıdırlar”. Yəni, o imtahanlar diplom veriləndə götürülməlidir. Universitetə qəbuldansa, veriləcək diplom düzgün olmalıdır.
– Zənnimcə, bu təcrübədən bir sıra ölkələrdə, o cümlədən indi müstəqil dövlətlər olan keçmiş Sovet respublikalarının da bəzilərində artıq yararlanırlar…
– Bəli.
– Bəs beynəlxalq təcrübədən təhsil üçün hansı nümunələr götürmək olar?
– Danışdığımız və danışmadığımız çoxlu nümunələri beynəlxalq təcrübədən götürmək olar və bu çox vacibdir.
– Müsahibə üçün sizə təşəkkür edirəm.
– Sağ olun.
Həmsöhbət oldu:
Nəzirməmməd Zöhrablı,
jurnalist-publisist
Azpost.info
Yazı AVCİYA-nın Hacı Rəhim Əfəndi adına Təhsil Laboratoriyasının “AZƏRBAYCANDA TƏHSİL: DÜNƏN, BU GÜN, SABAH” mövzusu üzrə təşkil etdiyi müsabiqə üçündür.



–