Bakıda qədimliklə yeniliyin, tarixi irsin qorunması ilə şəhərsalma və modernləşmə ehtiyaclarının bu təbii harmoniyası əcdadlarımızın istedadının və bizim tarixi-memarlıq irsimizi necə qoruduğumuzun parlaq nümayişidir.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.
“Bu, bir il yarım əvvəl keçirilmiş COP29-dan sonra Azərbaycanda indiyədək təşkil olunan ikinci ən böyük beynəlxalq tədbirdir. Düşünürəm ki, Bakıda keçirilən bu günlər ərzində ölkəmizə ilk dəfə gələn çoxsaylı qonaqlar Azərbaycanı və paytaxtımızı daha yaxından tanımaq, həmçinin şəhərsalma sahəsində ölkəmizdə görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşir və tarix boyu Şərqlə Qərbin görüşdüyü məkan olub, bu gün də belədir. Bu xüsusiyyət ölkəmizin memarlığında da öz əksini tapır. Əgər siz Bakının qədim İçərişəhərinin dar küçələrində gəzsəniz və sadəcə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə — vaxtilə daha kiçik olan, indi isə dənizkənarı boyunca 15 kilometrdən artıq uzanan Bakı bulvarında görəcəksiniz. Bulvarın yaxınlığında isə Avropa memarları tərəfindən layihələndirilmiş və inşa edilmiş XIX əsr binaları yerləşir”, – dövlət başçısı qeyd edib.