Plat.az xəbər portalının təqdimat mərasimi keçirilib. Tədbirdə sahibkarlar, media nümayəndələri, ictimaiyyət təmsilçiləri və müxtəlif sahələrdən olan qonaqlar iştirak ediblər.
Tədbirdə bildirilib ki, Plat.az biznes, maliyyə, iqtisadiyyat, investisiya və sahibkarlıq sahələri üzrə fəaliyyət göstərəcək yeni media və informasiya platformasıdır. Portalın əsas məqsədi iqtisadi sahədə operativ xəbərlərin, analitik yazıların, bazar təhlillərinin və sahibkarlıqla bağlı yeniliklərin geniş auditoriyaya çatdırılmasıdır.
Təqdimat mərasimini portalın direktoru və təsisçisi Orxan Məmmədzadə açaraq bildirib ki, sürətlə dəyişən müasir dünyada etibarlı iqtisadi informasiya mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Plat.az yalnız xəbər platforması deyil, eyni zamanda biznes ictimaiyyəti üçün fikir və əməkdaşlıq məkanı olmağı hədəfləyir.
O qeyd edib ki, portalda iqtisadi proseslərin təhlili, ekspert rəyləri, sahibkarlarla müsahibələr və investisiya imkanları ilə bağlı materiallara geniş yer veriləcək.
Daha sonra Milli Məclisin deputatı Razi Nurullayev çıxış edərək iqtisadi media platformalarının cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, sahibkarlığın inkişafı, iqtisadi maarifləndirmə və maliyyə savadlılığının artırılması baxımından belə təşəbbüslər xüsusi rol oynayır və yeni platformaların yaranması informasiya mühitinə mühüm töhfə verir.
TEİ Forumunun rəhbəri Ruslan Dəmirov isə çıxışında biznes platformalarının sahibkarlar arasında əlaqələrin gücləndirilməsi baxımından vacibliyini vurğulayıb.
O qeyd edib ki, müasir biznes dünyasında düzgün kommunikasiya və informasiya mübadiləsi yeni əməkdaşlıqların formalaşmasında əsas amillərdən biridir.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışında rəqəmsal media resurslarının investisiya mühitinin təşviqində mühüm rol oynadığını bildirib.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin baş katibi Araz İmanov isə çıxışında iqtisadi yönümlü media layihələrinin biznes mühitində məlumat əlçatanlığını artırdığını və sahibkarların fəaliyyətinin daha geniş auditoriyaya təqdim olunmasına dəstək verdiyini qeyd edib.
Tədbir iştirakçılar arasında səmimi fikir mübadiləsi və netvorkinq hissəsi ilə davam edib. Networking zamanı yeni əlaqələr qurulub, gələcək layihələr və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
