Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Beynəlxalq Qiymətləndiricilər Həftəsi və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) 5-ci Forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, forum çərçivəsində qəbul edilən qərarların əhəmiyyətindən, AQC sədri Vüqar Orucun fəaliyyətindən və Türk dünyasında qiymətləndirmə sahəsinin gələcək perspektivlərindən danışıb.
– Orxan müəllim, ilk olaraq Bişkekdə keçirilən forumun ümumi əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, bu forum təkcə peşəkar qiymətləndiricilərin növbəti görüşü deyildi. Tədbir Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın, investisiya təhlükəsizliyinin və peşəkar əməkdaşlığın inkişafı baxımından mühüm platformaya çevrildi. Forumun Qırğızıstan Qiymətləndiricilər Birliyinin 30 illik yubileyi ilə eyni vaxta təsadüf etməsi isə tədbirə əlavə məna və dəyər qazandırdı.
Bu gün Türk dünyasında iqtisadi əlaqələr sürətlə genişlənir. İnvestisiyaların həcmi artır, yeni layihələr reallaşdırılır. Bütün bunların fonunda qiymətləndirmə sahəsində ortaq yanaşmaların formalaşdırılması artıq zərurətə çevrilib. Bişkek Forumu da məhz bu məqsədə xidmət etdi.
– Forumda Azərbaycan nümayəndə heyətinin fəaliyyəti necə qarşılandı?
– Azərbaycan nümayəndə heyətinə xüsusi diqqət və maraq göstərildi. Bunun əsas səbəbi son illərdə AQC-nin beynəlxalq müstəvidə nümayiş etdirdiyi fəallıqdır. Bu gün artıq Azərbaycan qiymətləndiriciləri regionda aparıcı mövqelərdən birini tutur.
Forum iştirakçıları xüsusilə AQC sədri Vüqar Orucun rəhbərliyi dövründə görülən işlərə böyük maraq göstərirdilər. Çünki son illərdə CAATS-ın beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, Türk dövlətləri arasında əməkdaşlığın institusional xarakter alması məhz onun rəhbərlik etdiyi dövrə təsadüf edir.
– AQC sədrinin forumdakı çıxışı böyük maraq doğurdu. Siz bu çıxışı necə dəyərləndirirsiniz?
– Açığı, Vüqar müəllimin çıxışı forumun ən yaddaqalan məqamlarından biri oldu. O, tədbir iştirakçılarını qırğız dilində salamladı və bu, qardaş ölkə nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı.
Daha sonra çıxışında səsləndirdiyi “21-ci əsr Türk əsridir” fikri əslində forumun ümumi ruhunu ifadə edirdi. Vüqar müəllim vurğuladı ki, Türk dövlətləri liderlərinin müəyyən etdiyi strateji əməkdaşlıq xətti bütün peşəkar birliklər üçün yol xəritəsi rolunu oynayır.
Onun təqdim etdiyi hesabat da olduqca əhatəli idi. Bakı Zirvəsindən başlayaraq Türkistan, Ankara, Bakı və Daşkənd forumlarında əldə olunan nəticələr sistemli şəkildə təqdim olundu. Forum iştirakçıları bir daha gördülər ki, CAATS artıq sadəcə regional təşkilat deyil, beynəlxalq səviyyədə tanınan və söz sahibi olan peşəkar platformadır.
– Sizcə, Azərbaycanın rəhbərliyi dövründə CAATS-ın əsas uğurları nələr olub?
– Mən düşünürəm ki, ən böyük uğur təşkilatın institusional əsaslarının formalaşdırılmasıdır. Bir neçə il əvvəl ideya kimi ortaya çıxan əməkdaşlıq platforması bu gün artıq konkret strukturlara, komitələrə və fəaliyyət mexanizmlərinə malikdir.
Vüqar Orucun rəhbərliyi ilə CAATS beynəlxalq qiymətləndirmə təşkilatları ilə əlaqələrini genişləndirib, müxtəlif beynəlxalq tədbirlərdə uğurla təmsil olunub. Bu gün təşkilatın adı artıq Avropa və Avrasiya məkanında tanınır.
Digər mühüm məqam isə Türk dövlətləri arasında peşəkar həmrəyliyin gücləndirilməsidir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən qiymətləndiricilər arasında əlaqələr daha sistemli xarakter alıb. Bu, gələcəkdə ortaq bazarın formalaşdırılması üçün mühüm zəmin yaradır.
– Forumda Vüqar Orucun CAATS-ın Fəxri Prezidenti elan olunması da diqqət çəkən qərarlardan oldu. Bu qərarın əhəmiyyətini necə izah edərdiniz?
– Bu, sıradan bir titul deyil. Bu qərar Vüqar müəllimin uzun illər ərzində göstərdiyi xidmətlərin beynəlxalq səviyyədə tanınmasının nəticəsidir.
Forum iştirakçılarının yekdil qərarı ilə onun Fəxri Prezident elan edilməsi göstərir ki, Türk dövlətlərinin qiymətləndirici birlikləri onun fəaliyyətini yüksək qiymətləndirirlər. Şuranın formalaşmasında, beynəlxalq əlaqələrin qurulmasında və təşkilatın nüfuzunun artmasında Vüqar Orucun xidmətləri xüsusi rol oynayıb.
Mən hesab edirəm ki, bu qərar həm də Azərbaycan qiymətləndirmə məktəbinə verilən dəyərin göstəricisidir.
– Forum zamanı siz də çıxış etdiniz. Əsas mesajlarınız nədən ibarət idi?
– Mən çıxışımda Türk dövlətlərində qiymətləndirmə fəaliyyətinin inteqrasiyası məsələsinə toxundum. Bildirdim ki, ortaq iqtisadi məkanın formalaşdığı şəraitdə qiymətləndirmə sahəsində də vahid yanaşmalara ehtiyac var.
Xüsusilə beynəlxalq qiymətləndirmə standartlarının milli qanunvericiliklərlə uyğunlaşdırılması məsələsini vurğuladım. Bu gün investorlar üçün ən vacib məsələlərdən biri şəffaflıq və etibarlılıqdır. Qiymətləndirmə sahəsində vahid metodoloji bazanın yaradılması bu baxımdan böyük əhəmiyyət daşıyır.
– Forumda qəbul olunan yeni qərarlar gələcək fəaliyyətə necə təsir göstərəcək?
– Qəbul edilən qərarlar təşkilatın inkişafında yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Standartlar və Metodologiya Komitəsinin, Arbitraj Komissiyasının, Sertifikatlaşdırma və Təhsil Komitəsinin yaradılması institusional inkişaf baxımından mühüm addımdır.
Xüsusilə Azərbaycan tərəfi Türk Dövlətlərinin Qiymətləndirmə Standartlarının hazırlanmasını üzərinə götürdü. Qeyd edək ki, hazırda AQC Milli Qiymətləndirmə Standarlarını hazırlayır. Düşünürəm ki, peşəkar komandamız bu işin öhtəsindən də uğurla gələcək.
Bundan başqa, rəqəmsal “CAATS dərgisi”nin nəşri də mühüm qərarlardandır. Bu nəşr Türk dövlətlərində fəaliyyət göstərən mütəxəssislərin təcrübə mübadiləsinə, elmi-praktik biliklərin paylaşılmasına ciddi töhfə verəcək.
– Azərbaycanın qiymətləndirmə sahəsindəki təcrübəsi forum iştirakçılarında hansı təəssüratı yaratdı?
– Azərbaycanın son illərdə qazandığı təcrübə böyük maraq doğurdu. Xüsusilə əmlak bazarının inkişafı, qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, beynəlxalq standartların tətbiqi istiqamətində görülən işlər diqqətlə izlənildi.
AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyasının sədr müavini İlham Bağırovun təbii resursların qiymətləndirilməsi və yaşıl enerji keçidi ilə bağlı təqdimatı da böyük maraqla qarşılandı. Azərbaycanın bu sahədəki təcrübəsi bir çox ölkələr üçün faydalı nümunə kimi dəyərləndirildi.
– Sonda forumla bağlı əsas nəticəni necə ifadə edərdiniz?
– Əsas nəticə ondan ibarətdir ki, Türk dünyasının qiymətləndiriciləri artıq ortaq məqsədlər ətrafında daha sıx birləşirlər. Bişkek Forumu göstərdi ki, bu əməkdaşlıq təsadüfi deyil, davamlı və strateji xarakter daşıyır.
Bu uğurlarda isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və onun sədri Vüqar Orucun xüsusi rolu var. Son illərdə həyata keçirilən təşəbbüslər nəticəsində Azərbaycan Türk dünyasında qiymətləndirmə sahəsində aparıcı mərkəzlərdən birinə çevrilib. Əminəm ki, qarşıdakı dövrdə də bu istiqamətdə yeni uğurların şahidi olacağıq.
