Süni intellekt bəşəriyyəti bolluğa aparacaq, yoxsa işsizliyə?– Yeni proqnozlar

Süni intellektin (AI) sürətli inkişafı dünya iqtisadiyyatı və əmək bazarında köklü dəyişikliklər vəd edir. Mütəxəssislər bu texnologiyanın bəşəriyyəti misli görünməmiş rifaha aparacağını və ya milyonlarla insanı işsiz qoyacağını müzakirə edirlər.

Milyarder İlon Mask hesab edir ki, yaxın 5 il ərzində süni intellekt insan zəkasını üstələyəcək. Onun fikrincə, dünyada 100 milyondan 1 milyarda qədər humanoid robot fəaliyyət göstərəcək, fiziki əmək böyük ölçüdə avtomatlaşdırılacaq və iqtisadiyyat sürətlə inkişaf edəcək.

Maskın sözlərinə görə, süni intellektin yaratdığı “bolluq dövrü” gələcəkdə pul yığımını və hətta pensiya üçün vəsait toplamağı mənasız edə bilər.

Lakin bütün ekspertlər bu nikbin yanaşmanı bölüşmür. Enerji üzrə tədqiqatçı Kris Martenson AI yarışını “Babil qülləsi” ilə müqayisə edərək bunun ciddi risklər doğura biləcəyini bildirib.

Avstraliyalı futuroloq Rokki Skopeliti isə hesab edir ki, əsas problem robotların insanların işini əlindən alması deyil. Onun fikrincə, gələcəkdə əsas sual süni intellektə, məlumatlara və robotlara kimin sahib olacağı olacaq.

Beynəlxalq Valyuta Fondu (BVF) dünyadakı iş yerlərinin təxminən 40 faizinin, inkişaf etmiş ölkələrdə isə 60 faizinin AI-nin təsiri ilə dəyişəcəyini proqnozlaşdırır.

Goldman Sachs 300 milyon tamştat iş yerinin avtomatlaşdırıla biləcəyini bildirir. Bununla yanaşı, Dünya İqtisadi Forumu (WEF) 2030-cu ilədək süni intellekt hesabına 170 milyon yeni iş yerinin yaradılacağını, 92 milyon iş yerinin isə yox olacağını proqnozlaşdırır.

Ekspertlər hesab edirlər ki, qarşıdakı onillikdə süni intellekt təkcə məzmun yaradan texnologiya olmayacaq, həm də qərarların qəbulunda, biznesin idarə olunmasında və gündəlik həyatda mühüm rol oynayacaq. Bu səbəbdən əsas vəzifə AI-nin inkişafını düzgün tənzimləmək və onun yaratdığı imkanlardan cəmiyyətin faydalanmasını təmin etməkdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.