Ölkədə “card-to-card” əməliyyatlarına tətbiq edilən yeni məhdudiyyətlər iqtisadçı ekspert Natiq Cəfərlinin tənqidinə səbəb olub. Ekspert hesab edir ki, bu addım qeyri-rəsmi dövriyyəni azaltmaq əvəzinə, əksinə, nağd puldan istifadənin artmasına gətirib çıxara bilər.
Azpost.info xəbər verir ki, Natiq Cəfərli bildirib ki, indiyədək vətəndaşlar vəsaitlərini bank kartlarında saxlayır və heç bir problem olmadan kartdan-karta köçürmələr həyata keçirirdilər.
Onun sözlərinə görə, hər hansı məhdudiyyət tətbiq olunarkən insanlar alternativ yollar axtarmağa başlayırlar. “Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks effekt verəcək”, – deyə ekspert vurğulayıb.
Natiq Cəfərlinin fikrincə, yeni qaydalar insanların bank kartlarından istifadəsini azaltmağa səbəb ola bilər: “İnsanlar kartda pul saxlamaq əvəzinə bankomatdan vəsaitlərini nağdlaşdırıb ciblərində saxlamağa üstünlük verəcəklər. Yəni ölkə yenidən əvvəlki vəziyyətə qayıda bilər”, – deyə o bildirib.
Ekspert hesab edir ki, məhdudlaşdırıcı tədbirlərlə nə vergidən yayınma hallarını, nə də qeyri-rəsmi iqtisadiyyatı aradan qaldırmaq mümkündür.
Onun sözlərinə görə, bu kimi problemlərin həlli üçün qadağa və limitlərdən daha çox iqtisadi stimulların və şəffaf mexanizmlərin tətbiqinə ehtiyac var.