1 milyon avro udduğu lotereya biletini zibilxanaya atdı- inanılmaz hadisə yaşandı

İtaliyada yaşayan bir kişi 1 milyon avro uduş qazandığı lotereya biletini səhvən zibil qutusuna atsa da, iki gün davam edən axtarışlardan sonra bileti geri taparaq mükafatını almaq şansı əldə edib.

Bu barədə Ansa agentliyi məlumat yayıb.

Hadisə ölkənin cənubunda yerləşən Bitonto şəhərində baş verib. Kişi lotereya biletini yoxlatmaq üçün mağazaya aparıb. Terminalda “ödəniş edilə bilməz” mesajını gördükdən sonra bunun uduş olmadığı qənaətinə gəlib və bileti zibil qutusuna atıb.

Lakin evə qayıtdıqdan sonra yaxınları biletdə onun hər zaman seçdiyi 2, 4, 8, 10 və 51 rəqəmlərinin olduğunu görüblər. Bundan sonra kişi terminalın mesajını səhv başa düşdüyünü anlayıb. Məlum olub ki, “ödəniş edilə bilməz” bildirişi biletin uduşsuz olması demək deyil. Əksinə, uduş məbləği mağazada ödənilə bilməyəcək qədər böyük olduqda sistem belə xəbərdarlıq göstərir.

Ancaq bu vaxta qədər zibil artıq daşınmışdı.

Şəhərin tullantıların daşınmasına cavabdeh olan SANB şirkətinin direktoru Roberto Nikola Toskano bildirib ki, bundan sonra “zibil dağının içində kiçik bir kağız parçasını tapmaq” üçün xüsusi əməliyyata başlanılıb. Xoşbəxtlikdən, axtarış bazar günü başladığı üçün zibil maşını tullantıları hələ poliqona aparmamışdı. Avtomobil xüsusi meydançaya yönləndirilib və əməkdaşlar tullantıları əl ilə çeşidləyərək bileti axtarmağa başlayıblar. İki günlük axtarışdan sonra, çərşənbə axşamı səhər işçilərdən biri uduş biletini tapmağa müvəffəq olub.

Toskanonun sözlərinə görə, bilet cırılmış paketin içində digər zədələnmiş biletlərlə birlikdə olub və salamat qalan azsaylı biletlərdən biri məhz həmin bilet idi. Axtarış əməliyyatının bütün xərclərini isə lotereya qalibi ödəyəcək. O, işlər başlamazdan əvvəl bununla bağlı öhdəlik sənədi imzalayıb.

Hadisənin maraqlı tərəfi isə bununla bitməyib. SANB əməkdaşları zarafat xatirinə özləri də bir lotereya bileti alıblar və 50 avro uduş qazanıblar. Beləliklə, həm milyonluq bilet sahibi, həm də onu tapan kommunal xidmət işçiləri bu qeyri-adi hadisədən qazanan tərəf olublar.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.