ABŞ Prezidenti Donald Trampın göyərtəsində olduğu Marine One prezident helikopteri Vaşinqton səmasında Envoy Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə təhlükəli dərəcədə yaxınlaşıb.
Bu barədə The New York Times öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, insident avqustun 4-də, yerli vaxtla saat 14:30-dan sonra baş verib. Donald Tramp Los-Ancelesə səfərinin ilk mərhələsi çərçivəsində Ağ Evdən Endryus Birləşmiş Hərbi Bazasına yollanırmış.
ABŞ Federal Mülki Aviasiya Administrasiyasının (FAA) ilkin araşdırmasına əsasən, Marine One ilə sərnişin təyyarəsi arasında məsafə üfüqi istiqamətdə 1,3 kilometrə, şaquli istiqamətdə isə 213 metrə qədər azalıb.
FAA qaydalarına görə, hava gəmiləri arasında üfüqi məsafənin 2,4 kilometrdən, şaquli məsafənin isə 152 metrdən az olması təhlükəli yaxınlaşma hesab edilir.
Rabitədə problem yaranıb
Hadisə zamanı yerüstü dispetçer xidməti ilə əlaqədə də problemlər yaşanıb.
Radio danışıqlarının stenoqramına görə, prezident helikopterinin ekipajı havaya qalxmazdan əvvəl Milli Hava Limanının dispetçerləri ilə üç dəfə əlaqə saxlamağa çalışaraq üç dəqiqədən sonra uçuşa hazır olduqlarını bildirib.
Ekipaj üzvlərindən biri radio ilə belə müraciət edib: “Qüllə, sadəcə əmin olmaq istəyirəm ki, məni eşidirsiniz. Marine One, havaya qalxmağa üç dəqiqə qalıb.”
Lakin dispetçerdən cavab gəlməyib. Sonrakı çağırışlara da aydın cavab verilmədiyi üçün helikopter uçuşunu davam etdirib və nəticədə sərnişin təyyarəsinin uçuş trayektoriyasına yaxınlaşıb.
Araşdırma aparılır
Federal Mülki Aviasiya Administrasiyası baş verən hadisəni “hava gəmiləri arasında məsafənin müvəqqəti itirilməsi” kimi qiymətləndirib.
Qurum bildirib ki, prezidentin həyatı üçün real təhlükə yaranmayıb. Bununla belə, təhlükəsizlik qaydalarının pozulub-pozulmadığını müəyyən etmək məqsədilə daxili araşdırma davam etdirilir.
Ağ Evin nümayəndəsi Kuş Desai isə administrasiyanın pilot heyətinə tam etibar etdiyini bildirib. Onun sözlərinə görə, hadisə zamanı Donald Tramp təhlükə ilə üzləşməyib, lakin Ağ Ev prezidentin təhlükəsizliyinin təmin olunması üçün FAA, hərbi qurumlar və digər aidiyyəti xidmətlərlə əməkdaşlığı davam etdirir.