HƏMAS-a Qəzza ilə bağlı şərt qoyuldu– Trampın kürəkəni ilə kritik görüş

ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner Misirdə HƏMAS nümayəndələri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzularından biri təşkilatın silahsızlaşdırılması olub.

Azpost.info bildirir ki, bu barədə Axios məlumat yayıb.

Kuşner görüş zamanı HƏMAS-ı silahlarını yerə qoymağa yenidən çağırıb. O bildirib ki, İsrail HƏMAS-ın bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inanmır.

ABŞ tərəfinin HƏMAS-dan gözlədiyi konkret addımlar arasında Qəzzanın idarə olunması səlahiyyətlərinin Fələstin texnokrat hökumətinə verilməsi və HƏMAS-ın gələcəkdə sektorun idarə edilməsində heç bir rol oynamayacağına təminat verilməsi var.

Axios-un məlumatına görə, Kuşnerlə HƏMAS nümayəndələri arasında görüş 90 dəqiqə davam edib və “çox məhsuldar” keçib.

Görüşdə “Sülh Şurası”nın baş direktoru Nikolay Mladenov, Böyük Britaniyanın keçmiş baş naziri və şuranın üzvü Toni Bleyer, eləcə də şuranın baş məsləhətçiləri Ari Laytstoun və Liran Tankman iştirak ediblər.

HƏMAS tərəfdən isə görüşdə təşkilatın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyə, Misirin Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad, Qətər diplomatı Əli əl-Təvadi və adı açıqlanmayan yüksək rütbəli Türkiyə rəsmisi iştirak edib.

Kuşner İsrailə gedir

Axios yazır ki, 17 avqustda Cared Kuşner İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Tərəflər İsrailin atmalı olduğu “müvafiq addımları” müzakirə edəcəklər.

Netanyahu avqustun 9-da Trampın yaratdığı “Sülh Şurası”nın Qəzza ilə bağlı planını qəbul etmədiklərini açıqlamışdı.

İsrail Baş naziri bildirib ki, HƏMAS tamamilə silahsızlaşdırılmayana qədər İsrail ordusu Qəzzadan çıxmayacaq. Onun sözlərinə görə, söhbət yalnız ağır silahlardan deyil, bütün silahların real şəkildə təhvil verilməsindən gedir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.