Əfsanəvi amerikalı avtomobil yarışçısı və konstruktoru Carroll Shelby-yə məxsus 1964-cü il istehsalı Shelby Cobra Daytona kupesi Kaliforniyada keçirilən hərracda 42,905 milyon dollara satılıb.
Motorious yazır ki, avtomobil hərracda satılan Amerika istehsalı avtomobillər arasında yeni rekord müəyyənləşdirib. Əvvəlki rekorddan təxminən iki dəfə yüksək məbləğə satılan Shelby Cobra Daytona eyni zamanda Gooding Christie’s tarixində ən bahalı avtomobil olub.
Avqustun 14-15-də Monterey Car Week çərçivəsində keçirilən hərracın əsas lotu festivalın bu ilki bütün hərracları arasında da ən yüksək qiymətə satılan avtomobil olub.
Gooding Christie’s hərracında ümumilikdə 159 milyon dollardan çox satış həyata keçirilib. Bu, şirkətin tarixində ən yüksək nəticədir.
Əvvəlki rekord 1935-ci il istehsalı, vaxtilə məşhur aktyor Gary Cooperə məxsus olmuş Duesenberg SSJ modelinə aid idi. Həmin avtomobil 2018-ci ildə Pebble Beach-də keçirilən Gooding hərracında 22 milyon dollara satılmışdı. Yeni rekord əvvəlki göstəricidən təxminən 95 faiz yüksəkdir.
Cəmi 6 ədəd istehsal olunub
Shelby Cobra Daytona-nın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun nadirliyidir. Bu modeldən cəmi altı ədəd hazırlanıb.
Avtomobil xüsusi olaraq beynəlxalq yarış traslarında Ferrari ilə rəqabət aparmaq üçün yaradılmışdı və ABŞ-ın ən məşhur yarış avtomobillərindən birinə çevrilmişdi.
Bu satışla Shelby Cobra Daytona həm də Gooding Christie’s tarixində ən bahalı avtomobil titulunu Ferrari 250 GT SWB California Spider-dən aldı. Ferrari bir il əvvəl 25 milyon dollardan çox qiymətə satılmışdı.
Digər avtomobillər də rekord vurdu
Hərracda ikinci ən yüksək qiymət 1963-cü il istehsalı Ferrari 250 P modelinə ödənilib. Avtomobil 18,705 milyon dollara satılıb və bu model üçün dünya rekorduna çevrilib.
Digər satışlar belə olub:
Ferrari 250 GT SWB Berlinetta Competizione, 1961 – 8,09 milyon dollar
Porsche 907 Langheck, 1968 – 3,305 milyon dollar
Maserati Tipo 61 Birdcage, 1959 – 4,24 milyon dollar
Ferrari 225 Sport “Tuboscocca” Spider, 1952 – 4,295 milyon dollar
Maserati və Ferrari modellərinin satışı da müvafiq olaraq dünya rekordları ilə nəticələnib.
Hərracda ümumilikdə 158 lot satılıb və avtomobillərin 94 faizi alıcı tapıb. 28 avtomobilin qiyməti 1 milyon dolları keçib.
Satılan lotun orta qiyməti 1,006 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur. Ümumi satış həcmi isə 24 faiz artıb.
Müasir superkarlar da milyonlara satılıb
Kolleksiya avtomobilləri ilə yanaşı, müasir modellər də yüksək qiymətə alınıb.
2020-ci il Bugatti Chiron Sport “Edition Noire” 3,4425 milyon dollara, 2024-cü il Ferrari 812 Competizione 2,535 milyon dollara, 1989-cu il Porsche 911 Classic Turbo Reimagined by Singer isə 1,9025 milyon dollara satılıb.
Hərracda iki böyük kolleksiyaya da ciddi maraq göstərilib. Brian Brunkhorst və Mullin kolleksiyaları tamamilə satılıb.
Brunkhorst kolleksiyasının ən bahalı avtomobili 1932-ci il Alfa Romeo 8C 2300 Lungo Spider olub – 3,305 milyon dollar.
Mullin kolleksiyasında isə ən yüksək qiymətə 1930-cu il Bugatti Type 43A Roadster satılıb – 1,27 milyon dollar.
Bu arada 75-ci Pebble Beach Concours d’Elegance müsabiqəsinin əsas mükafatını 1935-ci il Duesenberg SSJ Special Speedster qazanıb. Vaxtilə bu avtomobil aktyor Clark Gable-a məxsus olub. Avtomobili Cincinnati şəhərindən olan kolleksiyaçı Harry Yeaggy təqdim edib.