Dünyada ərzaq qiymətləri rekord həddə yaxınlaşdı –Bahalaşmanın 5 əsas səbəbi

Dünyada ərzaq məhsullarının qiyməti sürətlə artır. Ekspertlər bunu təkcə hava şəraiti ilə deyil, həm də müharibələrlə, xüsusilə Rusiyanın təcavüzü ilə əlaqələndirirlər.

Avqust ayında dünya ərzaq qiymətləri son üç ilin ən yüksək səviyyəsinə çatıb. Buna Avropada güclü istilər, Asiyada El-Ninyo təhlükəsi və müharibə səbəbindən taxıl tədarükünə yaranan yeni problemlər təsir edib.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sentyabrın 4-də, cümə günü dərc etdiyi hesabatda bildirilir.

Qiymətlər niyə yüksəlib?

Ekstremal istilər və quraqlıq Avropada qarğıdalı və şəkər çuğunduru məhsuluna ciddi zərbə vurub. Asiyada isə fermerlər palma yağı və şəkər istehsalını azalda biləcək güclü El-Ninyo hadisəsinə hazırlaşırlar.

Müharibələr də bazara əlavə təzyiq göstərir. Qara dənizdəki hücumlar Rusiya və Ukraynadan taxıl tədarükünü azaldıb. ABŞ-İran münaqişəsi isə fermerlər üçün gübrələrin daşınmasını çətinləşdirib.

Ərzaq nə qədər bahalaşıb?

FAO-nun ərzaq qiymətləri indeksi iyuldakı 130,8 punktdan 133,3 punkta yüksəlib.

Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Buna baxmayaraq, 2022-ci ilin martında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qeydə alınmış rekord göstəricidən hələ də təxminən 17 faiz aşağıdır.

Şəkər və taxıl daha çox bahalaşıb

Taxılın qiyməti bir ay ərzində 2,2 faiz artaraq 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.

Bitki yağlarının qiyməti 0,6 faiz yüksəlib və 2022-ci ilin iyunundan bəri ən yüksək göstəriciyə çatıb.

Ən böyük artım şəkərin qiymətində qeydə alınıb — 11,9 faiz. Nəticədə şəkərin qiyməti 2025-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə yüksəlib. Buna dünya şəkər bazarı üçün əsas əhəmiyyət daşıyan Braziliyanın mərkəzi-cənub bölgəsində istehsalın azalması səbəb olub.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, avqust ayında dünya ərzaq qiymətlərinin yüksəlməsi ərzaq bazarlarında risk faktorunun yenidən gücləndiyinə dair xəbərdarlıqdır.

Onun sözlərinə görə, tədarüklərlə bağlı gözləntilərə iqlim dəyişikliklərinin yaratdığı şoklar, siyasi gərginlik və logistika problemləri təsir göstərir.

FAO 2026-cı il üçün dünya taxıl istehsalı proqnozunu 2,98 milyard tona endirib. Bu, iyul proqnozundan 3,4 milyon ton azdır və 2025-ci ilin göstəricisindən 2 faiz aşağıdır. Bu, 2018-ci ildən bəri proqnozda qeydə alınan ən kəskin azalmadır.

Bununla belə, taxıl istehsalı bütün müşahidə dövrünün ikinci ən yüksək göstəricisi olaraq qalacaq.

2026/2027 mövsümünün sonunda dünya taxıl ehtiyatları ilə bağlı proqnoz da 1,1 faiz aşağı salınaraq 947,2 milyon tona endirilib. Bu rəqəm əvvəlki ildəkindən yalnız bir qədər çoxdur.

Bununla yanaşı, buğda ehtiyatlarının artacağı gözlənilir. Əsasən Rusiya və Ukraynada tədarükdə yaranan problemlər səbəbindən məhsulun bir hissəsi ölkə daxilində qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.