Nuhun gəmisinin izləri tapıldı? –Türkiyədə sirli obyekt aşkarlandı

Nuhun gəmisinin Türkiyədə yerləşdiyi iddia olunan ərazidə aparılan araşdırmalar zamanı yeni maraqlı nəticələr əldə edilib. Tədqiqatçılar gəmini xatırladan obyekt aşkarlayıblar, lakin onun mənşəyi hələlik dəqiq müəyyən edilməyib.

Arxeoloq Endryu Cons “İzvestiya”ya açıqlamasında bildirib ki, ərazidə aparılan son araşdırmalar zamanı qayıq formasına bənzəyən struktur müəyyən olunub.

Onun sözlərinə görə, tədqiqatçılar bunun Nuhun gəmisinin zaman keçdikcə dağılıb torpaq qatının altında qalan hissələri ola biləcəyini istisna etmirlər.

Georadar sirli detalları üzə çıxarıb

Ərazidə aparılan georadar skanları obyektin daxilində düz bucaqlar, dəhlizlər və mümkün daxili bölmələrin olduğunu göstərib.

Bu nəticələr onun sadəcə təbii qaya çıxıntısı olması versiyasını şübhə altına alır. Bununla belə, alimlər hələlik strukturun süni mənşəli olduğunu təsdiqləyən yekun sübut əldə etməyiblər.

Bu əraziyə ilk dəfə 1959-cu ildə kartoqraf İlxan Durupınarın diqqət çəkdiyi bildirilir. Tədqiqatçıların sözlərinə görə, obyektin koordinatları Bibliyada Nuhun gəmisinin yerləşdiyi ərazi ilə bağlı təsvirlərlə uyğunluq təşkil edir.

Hazırda ərazidə GPS xəritələndirməsi aparılıb və torpaq nümunələri götürülərək laboratoriya analizlərinə göndərilib.

Araşdırmaya ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də cəlb olunub.

Nuhun gəmisinin məhz bu ərazidə yerləşməsi barədə iddialar uzun illərdir müzakirə olunur. Yeni araşdırmalar isə obyektin həqiqi mənşəyinin müəyyənləşdirilməsi üçün əlavə elmi sübutlara ehtiyac olduğunu göstərir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.