Tofiq Zülfüqarov –“Rusiya-Ukrayna danışıqları absurd teatrını xatırladır”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqları və “məkik diplomatiyası”nı tənqid edib.

T. Zülfüqarov sosial şəbəkədəki paylaşımında hazırkı diplomatik prosesin məntiq və sağlam düşüncə baxımından ziddiyyətli göründüyünü bildirib. “Bir çox danışıqlar kimi, Rusiya-Ukrayna mövzusunda aparılan “məkik diplomatiyası” da absurd teatrını xatırladır. Qanlı, məntiqə və sağlam düşüncəyə zidd olan absurd teatrı”, – sabiq nazir yazıb.

Onun sözlərinə görə, Rusiyanın siyasi rəhbərliyinin müharibənin əvvəlindən etibarən məqsədlərini aydın şəkildə bəyan etməməsi ilə bağlı çox danışılıb. T.Zülfüqarov hesab edir ki, həmin məqsədlər, o cümlədən danışıqların hazırkı mərhələsində, hələ də tam aydın deyil.

“Ukrayna Konstitusiyası buna imkan vermir”

Sabiq xarici işlər naziri işğal olunmuş ərazilərin gələcək statusu məsələsinə də diqqət çəkib. O qeyd edib ki, Krım da daxil olmaqla hərbi nəzarətə götürülmüş ərazilərin Ukrayna Konstitusiyasına əsasən referendum keçirilmədən Rusiyaya verilməsi mümkün deyil. “Bu o deməkdir ki, Prezident Zelenski də, başqa heç kim də Konstitusiyanı pozmadan bu variant üzrə danışıqlar apara və hətta onu müzakirə edə bilməz”, – Zülfüqarov vurğulayıb.

Onun fikrincə, bu səbəbdən həmin ərazilərin gələcək statusu atəşin dayandırılması və tərəflərin bir-birinin kritik infrastrukturunu məhv etməsinə son qoyulmasını nəzərdə tutan, mahiyyət etibarilə hərbi-texniki xarakterli mümkün razılaşmanın tərkib hissəsi ola bilməz.

“Ərazilərin statusu dəyişməyəcək”

T.Zülfüqarov hesab edir ki, atəşkəs haqqında razılaşma imzalanarkən təmas xəttinin hansı konfiqurasiyada olmasından asılı olmayaraq, beynəlxalq hüquq baxımından ərazilərin siyasi statusu dəyişməyəcək. Onun fikrincə, həmin ərazilər beynəlxalq hüquq baxımından işğal olunmuş ərazilər olaraq qalacaq.

Sabiq nazir bunun Rusiya rəhbərliyinin “qələbə” elan etmək məqsədinə də təsir etdiyini düşünür. “Rusiya prezidentinin ‘qələbə’ elan etmək məqsədi mümkün və əldəolunan deyil. Bunun sadə bir səbəbi var: ‘Kiyevi üç günə ələ keçirmək’ mümkün olmadı və cəbhədəki vəziyyətə baxsaq, görünür ki, bu, “33 ilə”’ də baş verməyəcək”, – o yazıb.

“Bəs hazırkı danışıqlar nə üçün gedir?”

T.Zülfüqarov hesab edir ki, mümkün hərbi-texniki razılaşmadan sonra Kremlin hazırkı hakimiyyətinin siyasi gələcəyi də uzunmüddətli və uğurlu görünmür.

“Hazırkı Kremlin hakimiyyəti üçün siyasi gələcəyin yalnız real olaraq mümkün hərbi-texniki razılaşmadan sonra formalaşa biləcəyi və bu gələcəyin, yumşaq desək, uzunömürlü və şərəfli olmayacağı da açıq görünür”, – sabiq nazir qeyd edib.

Tofiq Zülfüqarov paylaşımının sonunda əsas sualı belə qoyub: “Bəs hazırkı danışıqlar nə üçün aparılır”

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.