3 uşaq anasına qarşı zorakılıq kameraya düşdü– Hüquq müdafiəçisi çağırış etdi / VİDEO

Hüquq müdafiəçisi Mehriban Zeynalova marketdə qadına qarşı zorakılıq anlarını əks etdirən görüntülər paylaşıb.

Kadrlarda bir ailənin marketdə ödəniş aparatı qarşısında dayandığı görünür. Daha sonra qadın əlindəki kağızı yanında qucağında uşaq olan kişinin üzərinə sərt şəkildə atır. Bundan sonra kişi qadına hücum edir, onu saçlarından sürüyərək marketdən çıxarır.

Mehriban Zeynalovanın paylaşımında bildirilir ki, hadisənin qurbanı illərdir həyat yoldaşının zorakılığına məruz qalan 3 uşaq anasıdır. Qadının sonuncu dəfə marketdə, insanların və ən kiçik övladının gözü qarşısında ağır şiddətə məruz qaldığı qeyd olunur.

Paylaşımda vurğulanır ki, qadının ən kiçik övladı autizm spektrindədir və zorakılıq hadisəsinin uşağın gözü qarşısında baş verməsi vəziyyəti daha da ağırlaşdırıb.

Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Hüquq müdafiəçisinin paylaşımına görə, zorakılıq göstərdiyi iddia edilən şəxs hələ də sərbəst şəkildə dolaşır.

Mehriban Zeynalova qadının və üç övladının təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb və aidiyyəti qurumları məsələyə təxirəsalınmaz müdaxiləyə çağırıb.

“Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər”, – paylaşımda qeyd olunur.

Görüntülərin Azərbaycanın hansı ərazisində çəkildiyi açıqlanmayıb.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.