Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün görüşün keçiriləcəyi məkan kimi hələlik Əbu-Dabi nəzərdən keçirilir.
Azpost.info -nun məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında bildirib.
O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtının danışıqların əsas məkanına çevrilə biləcəyi ilə bağlı suala cavabında deyib: “Hələlik söhbət Əbu-Dabidən gedir”.
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffa Rusiyanın noyabrın birinci yarısında Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələrin növbəti mərhələsinin noyabr ayında Əbu-Dabidə keçirilə biləcəyini dəqiqləşdirib.
Peskov, həmçinin Ukrayna ilə bağlı üçtərəfli formatda keçiriləcək yeni danışıqlar mərhələsi üçün Rusiyanın təkliflər hazırlayıb-hazırlamadığı barədə suallara cavab verərkən tələsməməyə çağırıb. Onun sözlərinə görə, bu məsələdə qabağa qaçmaq lazım deyil.
