Pentaqon genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə ABŞ hərbi bazalarının ən azı 90 gün ərzində kənardan dəstək almadan müstəqil fəaliyyət göstərə bilməsi üçün hazırlıq aparır.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Yeni tələb ABŞ qoşunlarının asılı olduqları mülki sistemlərin fəaliyyətində pozuntular yaransa belə, döyüş əməliyyatlarını davam etdirməsini nəzərdə tutan FORTRESS hərbi təşəbbüsünün bir hissəsidir.
Pentaqonun mətbuat katibi Şon Parnell telekanala açıqlamasında bildirib ki, ABŞ milli müdafiəsini təmin etmək üçün adi mülki və bələdiyyə infrastrukturundan asılı olmaq istəmir. “Biz milli müdafiəmizi təmin etmək üçün standart mülki bələdiyyə infrastrukturuna arxalanmaq istəmirik. Sadəcə, bunu edə bilmərik. Bu, qəbuledilməz riskdir”, – deyə Parnell vurğulayıb.
Pentaqon böhran zamanı mülki fabriklərin müdafiə sənayesi məhsullarının istehsalına yönəldilməsi üçün də zəmin hazırlayır. Eyni zamanda silah, yanacaq və digər zəruri materialların fasiləsiz tədarükünü təmin etmək məqsədilə alternativ təchizat zəncirləri və strateji ehtiyatlar yaradılır.
FORTRESS proqramına əsasən, ABŞ-ın kontinental ərazisində yerləşən hər bir böyük hərbi baza ən azı 90 gün ərzində əsas əməliyyatlarını müstəqil şəkildə təmin etməlidir. Buraya elektrik enerjisi, su, yanacaq və rabitə ilə fasiləsiz təchizat da daxildir.
“Enerji hazırda döyüş əməliyyatlarının əsasını təşkil edir. Elektrik enerjisi olmadıqda rabitəni, su təchizatını, logistikanı, istehsal xətlərini, hətta hərbi komandanlığın əsas strukturlarını itirirsiniz”, – Parnell bildirib.
FORTRESS strategiyası çərçivəsində daşına bilən nüvə reaktorlarından, böyük həcmli batareya əsaslı enerji saxlama sistemlərindən və mik şəbəkələrdən istifadə də nəzərdə tutulur. Bu texnologiyalar hərbi obyektləri mülki elektrik şəbəkəsindən ayırmağa və uzunmüddətli elektrik kəsintiləri zamanı fəaliyyətlərini davam etdirməyə imkan verməlidir.
Parnellin sözlərinə görə, həyati əhəmiyyət daşıyan enerji mənbələri müstəqil, etibarlı və ehtiyat sistemlərlə təmin olunmalıdır.
Böhran hazırlıqları çərçivəsində FORTRESS proqramı sursat, yanacaq, strateji əhəmiyyətli minerallar, elektronika, ehtiyat hissələri və dərman vasitələrindən ibarət strateji ehtiyatların yaradılmasını da əhatə edir. Bu ehtiyatlar beynəlxalq təchizat marşrutları pozulduğu və ya ABŞ istehsalçıları müharibə dövründə artan tələbatı ödəyə bilmədiyi halda hərbi əməliyyatların davam etdirilməsinə kömək etməlidir.
Enerji və istehsalla yanaşı, təşəbbüs hərbi rabitə, naviqasiya və peyk imkanlarının gücləndirilməsini də nəzərdə tutur. Söhbət siqnallara müdaxilə şəraitində fəaliyyət göstərməkdən, o cümlədən GPS siqnallarının bloklanması və ya kosmik aparatların işinin pozulması zamanı əməliyyatları davam etdirmək üçün hazırlıqdan gedir.
“Bir neçə cəbhədə aparılan qlobal münaqişənin qızğın vaxtında belə qərarlar qəbul etməməliyik. Bizim əvvəlcədən planımız olmalıdır”, – Parnell qeyd edib.
O, FORTRESS proqramını ABŞ ərazisi üçün bir növ “sığorta polisi” adlandırıb. Proqramın məqsədi genişmiqyaslı müharibə ölkənin asılı olduğu infrastrukturu və təchizat zəncirlərini sıradan çıxarsa belə, Amerika qoşunlarının fəaliyyətini davam etdirə bilməsinə zəmanət verməkdir.
N.Talıblı
