ABŞ-da mülki təyyarənin pilotları avqustun 16-da Ohayo ştatı üzərində uçarkən yaxınlıqda naməlum uçan obyekt müşahidə ediblər.
Bu barədə “Daily Mail” Milli UFO Araşdırmaları Mərkəzinin (NUFORC) dərc etdiyi hesabata istinadən məlumat yayıb.
Pilotlar yaxınlıqdakı hava limanının dispetçeri ilə əlaqə saxlayaraq müəmmalı obyekt barədə məlumat veriblər.
Hadisə zamanı təyyarə təxminən 12 min metr yüksəklikdə olub. Pilotlar onun yaxınlığında hamar, gümüşü rəngli naməlum obyekt görüblər. Obyekt təyyarədən təxminən 1 kilometr yuxarıda yerləşib və uzunluğu 10 metrə çatıb.
Pilotların təsvirinə görə, naməlum obyekt uzunsov həb formasında olub. Onun səthində heç bir əyrilik və ya qat müşahidə edilməyib.
Maraqlıdır ki, təyyarənin toqquşma barədə xəbərdarlıq sistemi işə düşməyib. Pilotların əlaqə saxladığı dispetçer də radarda həmin obyekti görməyib.
Pilotlar obyektin tufan buludlarından çıxdığını ehtimal edir
Pilotlardan biri naməlum obyektin təyyarənin keçməyə çalışdığı tufan buludlarının arasından çıxdığını ehtimal edib.
Onun fikrincə, bu obyekt hava şarı ola bilməzdi. Çünki həmin vaxt təyyarə güclü turbulentliklə üzləşib, mühərriklərdə isə buzlanma baş verib.
Milli UFO Araşdırmaları Mərkəzi (NUFORC) ABŞ Federal Mülki Aviasiya Administrasiyasını hadisə ilə bağlı məlumatları digər qurumlara ötürmədiyinə görə tənqid edib.
Mərkəzin mütəxəssisləri hesab edirlər ki, hadisənin araşdırılmaması aviasiya təhlükəsizliyi üçün risk yaradır.
Nadir
