Rusiya Fars körfəzində vəziyyətin sabitləşməsinə yardım göstərməyə hazır olduğunu bəyan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumatda bildirilib.
Rusiya XİN vurğulayıb ki, Moskva strateji əhəmiyyətə malik bu regionda vəziyyətin davamlı şəkildə sabitləşdirilməsinə töhfə verməyə hazırdır.
Söhbət, xüsusilə, may ayında yenilənmiş Fars körfəzi zonasında kollektiv təhlükəsizliyin təmin edilməsi Konsepsiyasında yer alan təkliflərdən istifadə olunmasından gedir. Xarici siyasət idarəsi, həmçinin qeyd edib ki, Rusiya və İran regionda siyasi-diplomatik prosesin bərpasının tərəfdarıdır.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif əz-Zəyyani ilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müzakirə edib. Tərəflər Yaxın Şərqdə gərginliyin azaldılmasının və ABŞ-la İran arasında danışıqların bərpasının vacibliyini vurğulayıblar.
