Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, Ankara Rusiya təbii qazından asılılığını azaltmağa və daha rəqabətqabiliyyətli alternativlərə üstünlük verməyə davam edə bilər.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Nazir qeyd edib ki, bu dəyişiklik geosiyasi qərarlarla deyil, sırf bazar şərtləri ilə bağlıdır.
“Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi çox sadədir: bu, siyasətlə deyil, qiymətlə bağlıdır. Rusiya qazı son dərəcə bahadır”, – deyə Bayraktar bildirib.
O izah edib ki, yüksək xərclər Türkiyənin daha şaxələndirilmiş qaz təchizatı sisteminə keçidini sürətləndirir.
“Enerji tələbatına gəlincə, qazın həddindən artıq baha olması insanları alternativlər axtarmağa məcbur edir. Bu, ya alternativ qaz təchizatı kanalları, ya daha ucuz qaz, ya rəqabətqabiliyyətli qiymətlərlə təklif olunan qaz, ya da alternativ yanacaq növləri ola bilər”, – deyə Bayraktar əlavə edib.
Nazir bildirib ki, Türkiyənin 2040-cı ilədək yeni enerji inkişafı planına əsasən, ölkədə qaz tələbatının ildə 57 milyard kubmetr səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu göstərici hazırkı istehlak həcminə yaxındır.
Onun sözlərinə görə, yeni plan olmasaydı, 2040-cı ilə qədər Türkiyənin illik qaz tələbatı 77 milyard kubmetrə çata bilərdi. Bununla belə, Bayraktar Moskva ilə münasibətlərin tamamilə kəsilməsinin gözlənilmədiyini etiraf edib.
Nazir vurğulayıb ki, Türkiyənin Rusiya qazına ehtiyacı bundan sonra da qalacaq.
